Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Elan olunmuş ittiham üzrə Ə.Abdullayev özünü təqsirli bildiyini deyib.
O, sərbəst ifadəsində hadisəni bilərəkdən törətdiyini, ittihamda yazılanlarla razı olduğunu söyləyib: "Həbsdə yaxın tanışım, yəni "oğlan sevgilim" var idi. Ona söz verdim ki, "məm də yanına gələcəm". Buna görə də cinayət törətdim".
Ə.Abdullayev hadisə zamanı aptek satıcısından apardığı 60 manat pulu zərərçəkmişə qaytardığını bildirib.
Zərərçəkmiş Elsevər Hüseynov dindirilən zaman ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını vurğulayıb.
Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 15-də Abşeron rayon Polis idarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.