''Təmiz hava'' aylığı ilə əlaqədar yol polisi üç gündür reydlərə başlayıb. Reyddə əsas məqsəd avtomobillərdən çıxan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır.

Unikal.org "Xəzər TVyə istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxtın şimal girişində Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji nəzarət postunda avtomobillər yoxlanılıb. İlk olaraq, ''Jiquli'' markalı avtomobil saxlanılıb. Avtomobilin havaya buraxdığı qazın faizi ölçülüb.

Qeyd edək ki, minik avtomobillərində bu göstərici 3,5 faizə, yük avtomobillərində isə 2 faizə qədər olmalıdır.

Reyd zamanı maraqlı faktlar da üzə çıxıb. Məlum olub ki, sürücülərdən biri cərimələnməmək üçün avtomobilin mühərrikində dəyişiklik edib.

Amma bir çox sürücü məhz texniki baxışdan dərhal sonra bu cür reydlərin keçirilməsini düzgün hesab etmir. Onlar yol polisinin müayinə mərkəzindən may ayından keçdiklərini deyirlər.

Ekoloji nəzarət postunun baş inspektoru Murad Mustafayevin sözlərinə görə, ekologiyanı çirkləndirənlərin çoxu ili köhnə olan avtomobillərdir. Buna görə də son üç gündə 250 sürücü cərimə edilib.

Murad Mustafayev sürücülərin iddialarına da cavab verib.

Qeyd edək ki, günün birinci yarısına qədər normadan artıq atmosferə qaz buraxan təxminən 15 avtomobil sahibi barəsində elektron protokol tərtib edilib və 50 manat məbləğində cərimə olunublar. Reydlər ayın 31-dək davam edəcək.