Azərbaycan milli komadasının və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.

Unikal.org report-a istinadən xəbər verir ki,  46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib.
O, V tur qarşılaşmasında komandasının yanında olmağı məqsədəuyğun sayıb.
Məlumatı "Report"a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib. O bildirib ki, FIFA-dan aldıqları dəvətə əsasən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanacaq.
Qeyd edək ki, FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransı sentyabrın 23-də Londonda start götürəcək. "The Best" mükafatı isə sentyabrın 24-də təqdim olunacaq. Tədbirə FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb. 2018-ci ilin ən yaxşı futbolçusu adına Luka Modriç ("Real Madrid", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştianu Ronaldu ("Yuventus", Portuqaliya) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa), Zlatko Daliç (Xorvatiya) və ya Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) seçiləcək.