Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

Bu barədə Unikal.org-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 24-dən etibarən paytaxt Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu öz işinə başlayacaq. 120-si əqli və fiziki imkanları məhdud, 100-ü isə gənc lider olmaqla keçiriləcək forum 27 sentyabr tarixinədək davam edəcək. Forum, Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçirilir.

Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi və digər məşhur idmançılar tədbirə qatılacaqlar. 

Nazirlikdən bildirilib ki, futbolçu Kafu, eyni zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.

Bir neçə gün davam edəcək iclasın proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü- inklyuziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.