Xəbər verdiyimiz kimi, Mütləq Döyüş Çempionatının (UFC) Las-Veqasda keçirilən 229-cu turnirində tanınmış döyüşçülər Həbib Nurməhəmmədovun Konor Makreqorun üzərindəki qələbəsi qalmaqalla başa çatıb. Belə ki, döyüşdən sonra ara qarışıb, hətta H.Nurməhəmmədov Konorun onu təhqir edən fanatının üzərinə hücum çəkib. Hadisə bununla bitməyib və rinqdən kənarda dava daha da böyüyüb.
Həmin döyüşlə bağlı Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının prezidenti, dünya çempionu Azər Həsənsoy Həbibin etdiklərin düzgün olmadığını deyib.
Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Unikal.org-a açıqlamasında Konorun döyüşdən əvvəlki şou göstərməsinə də toxunub:
"Əvvəlcədən yazdığım kimi psixoloji üstünlüyün Həbibdə oluğunu, Konorun isə daha emosinal və təlaşda olduğunu bildirmişdim. Konorun əlində öz brendi olan şərabla səhnəyə çıxması da onun bu döyüşdən daha çox şou məqsədi üçün istifadə etmək istədiyi təsiri bağışladı. Döyüş vaxtı Həbibin daha diqqətli və ehtiyatlı olduğu, Konorun isə demək olar ki döyüşmək istəmədiyinin şahidi olduq.
Ümumiyyətlə döyüş həmin idmançıların xüsusən Konorun adına görə deyildi və sıradan bir döyüş təsiri bağışladı. Amma yenə də Həbibin qələbəsinə sevindim. Sosial şəbəklərdə Həbibin qələbəsinin müsəlmanların qələbəsi kimi təbliğ olunması isə yersizdir. İdmanı dini, siyasi amillərlə bağlamaq yumşaq desək dardüşüncəlikdir. Döyüş dayandırıldıqda Konorun yerdə oturduğu halda Habibin onun üzərinə getməsi, sonra tamaşaçıların üzərinə atlayıb dava etməsi ilk növbədə onun imicinə zərbə vurdu. Böyük çempion bunu etməməli idi. Düzdür kənardan təhrikedici hərəkətlər və təhqirlər oldu. Amma onlara Həbib deyil onun meydana atlayıb, Konoru arxadan yumruqlayan komanda üzvləri cavab versəydi daha uyğun olardı.
Aygün İlqarqızı