Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Unikal.org bildirir ki, ikinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən güləşçilər mübarizə aparırlar.

Təmsilçilərimizdən 2-si ilk, 2-si isə ikinci mərhələdən mundiala start verib.

Georgi Edişeraşvili uğurlu start götürüb. Avropa çempionu gərgin keçən ilk görüşdə Şimali Koreya təmsilçisindən üstün olub. İkinci qarşılaşma ağır keçib. Son dəqiqədə 2 xallıq fəndi hesabına 1/4 finala yüksəlib. Edişeraşvili bu mərhələdə ötən dünya çempionatının finalçısına uduzub.

Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını kubalı güləşçi ilə görüşdə çəkib.

Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın br addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib. Həsənov sabah finalda amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.

Şərif Şərifov isə 1/8 finalda iranlı rəqibi ilə bacarmayıb.