Oktyabrın 19-da Holiday Inn Baku Hoteldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış "Virtual Qarabağ informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin yeni portalının ictimaiyyətə təqdimat mərasimi keçirilib.
Unikal.org GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, "Virtual Qarabağ informasiya - kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak edirdilər.
2013-cü ilin dekabrında "Virtual Qarabağ ikt gənclər ictimai birliyi özünün ilk portalını ictimaiyyətə təqdim etmişdi . Lakin, keçən dövr ərzində informasiya resurlarına olan tələbatin dəyişməsini nəzərə alaraq, təşkilat dizayn baxımdan müasir, istifadəsi funksional, daha çox vizual məhsulların öz əksini tapdığı yeni portalını ictimaiyyətə təqdim etmək qərarına gəldi. Yeni portal ilə yanaşı, tədbirdə Qarabağ haqqında infovideoların və "İrəvan - gizlədilmiş həqiqətlər sənədli filminin türk dilində versiyasının da təqdimatı baş tutub.
Tədbirdə bildirildi ki, yeni portalda Qarabağın tarixi, mədəniyyəti, təbiəti, münaqişə haqqında informasiyalarla yanaşı, sənədli filmlər, elektron məhsullar, mobil tətbiqlər, yeniyetmə və gənclər üçün Qarabağ mövzusunda virtual oyunlar, qısa və məzmunlu məlumat verən infoqrafikalar, infovideolar, bir çox Qarabağ xanəndələrinin musiqilərinin, filmlərin səsləndirildiyi radio, müasir proqram təminatlı kitabxana, müasir proqram təminatlı xəritələr, interaktiv təklif bölməsi yerləşdirilib.
Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 - ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011 - 2015 - ci illərdə Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəz 31. 10. 2017 - ci il tarixdə dövlət qeydiyyatına alınaraq "Virtual Qarabağ informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi adlandırılmışdır. İctimai birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. İctimai birlik bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədir.