"Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o cümlədən
Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara
nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət
göstərir, bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst
toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir
məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya bir vəzifə kimi qoyulur
ki, biz gələcəkdə də demokratik inkişafa sadiq olmalıyıq."
Unikal.org xəbər verir ki, bu gün bunu Prezident İlham Əliyev mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bəyan edib.
"Əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük. Ancaq indi bunu bütün dünya görür. Həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir.
Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır.
Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya,
yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar,
uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara
öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə
qədər təsir edə bilməz. Ancaq mən bir daha demək istəyirəm ki,
demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu
istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ
ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu
istiqamətdə səylərimizi davam etdirəcəyik."