Liviyada həbs olunan "Kapitan Xayyam" gəmisinin azərbaycanlı heyət üzvlərinin ilk məhkəməsi olub.
Unikal.org xəbər verir ki, bu barədə Ans press-ə açıqlamasında həbs olunan gəminin məxsus olduğu "Saygi Denizcilik ve Elektrik" şirkətinin nümayəndəsi Murad Karaər deyib. O bildirib ki, ilk məhkəmə mayın 25-də baş tutub.
"Məhkəmə zamanı hakim onlara qeyri-qanuni yüklərlə bağlı ittihamları oxuyub. Müttəhimlər isə heç bir günahlarının olmadığını deyiblər. Ona görə də daha bir məhkəmə olacaq. Amma növbəti məhkəmə prosesinin vaxtı hələ dəqiqləşdirilməyib. Vəkilimiz müvafiq orqanlarla danışıqlar aparır".
Karaər deyib ki, saxlanılanların hər biri öz ailəsi ilə danışır, xəbər verir. Bununla bağlı onların problemi yoxdur.
"Gəminin heyət üzvləri həbsxana şəraitində saxlanmırlar. Mən Elinxan Bağırov, Əliağa Babayev və Elşad Hüseynovla danışıram. Saxlanılan şəxslərin heç bir problemi yoxdur, qaldıqları şəraitdən narazı deyillər. Sadəcə olaraq məhkəmə prosesi davam etdiyi üçün nəzarət altındadırlar".
Saxlanılan matros Əliağa Babayevin qohumu Qəhrəman Babayev də açıqlamasında onların səhhətinin yaxşı olduğunu deyib. O bildirib ki, məhkəmə prosesi başa çatdıqdan sonra dənizçilərin azad ediləcəyini gözləyirlər.