"İnsan itkiləri ilə nəticələnən status kvonu bu regiona sülh gətirəcək cəhdlərlə əvəz etmək lazımdır".
Unikal.org xəbərinə görə, bu sözləri ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana iki günlük səfərinin yekunları ilə bağlı açıqlamasında bildirib
K. Vigenin deyib ki, ATƏT-in insidentlərin araşdırılması mexanizminin yaradılması və ATƏT-in Dağlıq Qarabağ münaqişəsi zonasında mövcudluğunun genişləndirilməsi barədə razılıq müsbət addımlardır: "Həm Azərbaycanda, həm də Ermənistanda mən hakimiyyət nümayəndələrini yaxın gələcəkdə bu razılaşmalara əsaslanmağa çağırmışam. Regiondan olan parlamentarlarla işi davam etdirərək hərtərəfli həll yolu naminə siyasi iradənin gücləndirilməsinə çalışacağam".
Münaqişənin hərbi yolla həllinin olmadığını söyləyən xüsusi nümayəndə bütün tərəfləri aqressiv ritorikadan çəkinməyə və sülh üçün konstruktiv addımlar atmağa çağırıb. O, Minsk Qrupunun işinə dəstəyini ifadə edib: "Mən Minsk Qrupu və həmsədrlərin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini tam dəstəkləyirəm. Rəsmi cəhdləri dəstəkləmək üçün yaxın həftələrdə parlament səviyyəsində fikir mübadiləsi aparmaq üçün bəzi konkret təkliflər irəli sürəcəyəm".
K. Vigenin qeyd edib ki, ATƏT PA-nın Tbilisidəki illik sessiyasında bu barədə ilkin müzakirələr aparılacaq. O, Azərbaycanda bəzi insan haqları müdafiəçiləri və müxalif siyasətçilərin həbsdən azad edilməsini yüksək qiymətləndirib.