Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Unikal.org xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.

Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcüstanlı Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub. Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanıb. Rəsul Çunayev (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar.