Qazax rayonunda iki nəfər balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Unikal.org xəbər verir ki, Qazax rayon Prokurorluğundan trend-ə verilən məlumata görə, Qazax rayonu, Abbasbəyli kənd sakinləri Elmar Fərman oğlu Abdullayev və İlkin Əli oğlu Vəliyev "Coğazçay" su anbarından ayrılan sutullayıcı hidrotexniki qurğunun enerjini ayıran hissəsində yanacaqla işləyən generator vasitəsilə balıq tutan zaman onları elektrik cərəyanı vuraraq öldürüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər elektrik cərəyanından istifadə etməklə qanunsuz olaraq balıq tutub və balıq ehtiyatlarına 1012 manat ziyan vurublar.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) və 256.3-cü (Mütəşəkkil dəstə tərəfindən balıqları və başqa su heyvanlarını qanunsuz tutma) maddələri ilə cinayət işi başlanıb.