Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror Z.Hüseynov, R.Sultanov, H.Həsənovun hər birinin 8 il 6 ay, D.Abdullayevin isə 9 il azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası dekabrın 21-ə təyin edilib.
İttihama görə, həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.
Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onu telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.