Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail rayon Polis idarəsinin əməkdaşları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması məqsədilə rayon ərazisində növbəti reyd keçiriblər.
DİN-dən Unikal.org-a verilən məlumata görə, tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib.
Belə ki, Nigar Rəfibəyli küçəsi 25 ünvanında fəaliyyət göstərən obyektin sahibi, paytaxt sakini Elşən Qurbanəliyevin məktəbliyə tütün məmulatı satması müəyyən olunub. Reyd zamanı Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən köşkün satıcısı Murad Göyüşovun da yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması polislər tərəfindən aşkar edilib. Hər iki fakt təsdiqini tapandan sonra həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
Qeyd edək ki, həmin məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə, satışı dayandırmalı və müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Bu sənədi təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə bir daha xəbərdarlıq edərək bildirir ki, azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağan edilib. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.