Əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə "donuz qripi" kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir.
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib.
Həmçinin, xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir.
Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.