Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Vüqar Səfərli bildirib ki, 2018-ci il də Azərbaycan üçün uğurlarla yadda qaldı. O qeyd edib ki, il ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırıb: "2018-ci il ərzində Fond 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib.
Vüqar Səfərli qeyd edib ki, həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb.
Onun sözlərinə görə, hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib: "Müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə isə 112 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub".
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, bu il ərzində Azərbaycan jurnalistikasının inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.
O bildirib ki, bu gün Azərbaycan jurnalistikası peşəkarlığı ilə seçilir: “Gələcəkdə çalışacağıq ki, Azərbaycan jurnalistikası daha peşəkar olsun. Təəssüflər olsun ki, jurnalistikamızda insanların şərəf və ləyaqətini alçaltmağa cəhd edənlər də var və haqlı olaraq onlarla hüquq-mühafizə orqanları məşğul olur”.
Daha sonra tədbir bədii hissə ilə davam edib.