Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Unikal.org xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək universitetdə həyata keçirilən islahatlar barədə məlumat verib, tərəflər arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən danışıb. ADNSU-da nazirliyin profilinə uyğun bir neçə ixtisasın tədris olunduğunu qeyd edən rektor Mustafa Babanlı iki qurum arasında imzalanacaq anlaşma memorandumunun təhsilə və bu sahə üzrə ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev Azərbaycanın ən köklü ali təhsil müəssisələrindən biri olan ADNSU ilə əlaqələrin inkişaf etdirilməsindən məmnun olduğunu bildirib. Nazir elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək, ikitərəfli münasibətləri möhkəmləndirmək və əməkdaşlığın inkişafını təmin etmək baxımından imzalanacaq memorandumun əhəmiyyətini qeyd edib.

Sonra ADNSU ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memoranduma əsasən ekologiya, geologiya və hidrogeologiya mühəndisliyi ixtisası üzrə peşəkar kadrların hazırlanması, bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin nazirliyin tabeliyindəki qurumlarda təcrübə və təlim keçmələrinin təşkili, tələbələrin elmi-tədqiqat işlərinin aparılması üçün nazirliyin və universitetin elmi-tədqiqat laboratoriyalarından birgə istifadəsi, universitetin tədris prosesində və elmi işində iştirak etmək üçün nazirliyin mütəxəssislərinin dəvət olunması və s. nəzərdə tutulub.