Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.
Unikal.org xəbər verir ki, tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında fəallığını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclər arasında fikir mübadiləsinə şərait yaratmaq, onların dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətlərini asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirilib. Eyni zamanda, 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması, Bakıda gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər mühüm tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoydu. Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər.
AHİK sədri vurğulayıb ki, gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz bu reallığı nəzərə alaraq AHİK bütün üzv təşkilatları ilə birgə dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. AHİK-in “Kadr siyasəti Konsepsiyası”nda gənc mütəxəssislərə ehtiyacı ödəmək üçün sahə həmkarlar ittifaqı komitələri qarşısında vəzifələr qoyulub. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının Gənclər Şuraları fəaliyyət göstərir, gənc liderlər beynəlxalq təşkilatların toplantılarına dəvət olunurlar. Onlar Yaponiya, İtaliya, Rusiya, Litva, Türkiyə və digər ölkələrdə gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə yaxından iştirak edirlər.
Səttar Möhbalıyev bildirib ki, hazırda respublikamızda həmkarlar ittifaqı üzvlərinin üçdə birini 35 yaşınadək gənclər təşkil edir. Belə böyük bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdəndir. Həmkarlar İttifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar. Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilib. Gənclərin məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili və digər bu kimi məsələlər ön plana çəkilir. Müntəzəm olaraq elmi-praktik konfranslar, seminarlar təşkil edilir. Şübhəsiz ki, hər bir dövlətin gənclərə yanaşması gələcəyə olan münasibətdir. Bütün bunları nəzərə alaraq, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK İcraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib.
Bu gün ötən ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 50 nəfər istedadlı gəncimiz AHİK-in Fəxri Diplomu, Döş nişanı və Vəsiqəsi ilə təltif olunacaqdır. Peşə sahiblərinin 27 nəfəri kişi, 23 nəfəri isə qadın işçilərdir və hər biri, ən azı 3 il və daha çox əmək stajına malikdir. Seçilənlər peşəkar fəaliyyət dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənənlərdir.
Sonra fəxri adlara layiq görülən gənclər təltif ediliblər.