Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq.
Unikal.org xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.
Belə ki, növbəti üç ildə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulub.
Həmçinin təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi də dövlət proqramında öz əksini tapıb.
Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin əsas icraçısı Daxili İşlər Nazirliyidir. Bu iş üzrə digər icraçı qurumlar qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi göstərilib.