Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçularla görüşüb.
DSX-nın Mətbuat Mərkəzindən Unikal.org-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daima hazır olmalarını məruzə etmiş, döyüş ruhlarının yüksək olmasını nümayiş etdiriblər.
Dövlət Sərhəd Xidmətinin rəisi “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləmiş, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunan hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.
E.Quliyev Qazax və Ağstafa rayonlarının ərazisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazarmalarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış olmuş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yoxlayıb.
DSX rəisi sərhəd döyüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib, şəxsi heyətlə birgə nahar edib, qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edib, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffəqiyyətlər arzulayıb.