Bakıda yol polisi ilə sürücü arasında insident baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntü yayılıb. Videodan da göründüyü kimi, Dairəvi yolda yol polisi sayrışan işıqları yandıraraq, qarşıdan gələn avtomobilin qarşısına çıxıb.

Videonu çəkən sürücü bildirib ki, yüksək sürətlə gələrkən DYP maşını qəfil onun qarşısına çıxıb. O, maşını saxlaya bilib və qəzadan xilas olub. Sonradan sürücü həmin yol polisinə irad bildirib.

Polis də öz növbəsində vurğulayıb ki, tədbirə tələsir və bunun üçün də. Vəzifəsinə uyğun olaraq, sayrışan işıqlardan istifadə edib.

Bəs bu zaman yol qəzası baş versəydi, günahkar kim olacaqdı?

Bu və digər qaranlıq məqamlara cavab tapmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, əgər hərəkət üstünlüyünə malik olan bütün nəqliyyat vasitələri sayrışan işıqları yandırırsa, bu zaman vətəndaşlar mütləq onlara yol verməlidirlər.

“Başa düşürəm, vətəndaşların narazını və iradını. Təbii ki, biz vəzifəmizi yerinə yetiririk. Gürcüstanda hərəkət üstünlüyünə malik olan bütün nəqliyyat vasitələri sayrışan işıqlarla hərəkət edirlər. Demək olar ki, bütün gün ərzində sayrışan işıqlarla hərəkət edirlər.

Bu gün polisin istifadə etdiyi patrul avtomobillərdə sayrışan işıqların yanması və ya səs siqnallarından istifadə edilməsi digər sürücüləri qıcıqlandırmamalıdır.

Maksimum dərəcədə çalışmalıyıq ki, digər yol hərəkəti istifadəçilərinə narahatçılıq yaratmayaq. Lakin xidməti zərurətlə əlaqəli tələb edilən məsələdir.

Burada Yol hərəkəti Haqqında Qanunun tələblərinə zidd heç bir amil yoxdur. Düşünürəm ki, bu polisin fəaliyyətinə qısqanclıq kimi yanaşan və intizamsızlığa meyilli şəxslərdir”, - deyə qurum rəsmisi bildirib.

Vaqif Əsədov deyir ki, əgər yol qəzası baş verərsə, bu zaman hadisə araşdırılır və hüquqi qiymət verilir:

“Qanunda deyilir ki, hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsi və onun sürücüsü zərurət yarandıqda Yol Hərəkəti haqqında Qanunun tələblərini poza bilər.

Bu zaman sayrışan işıqlardan, səsgücləndiricidən, yaxud da radioqəbuledicidən istifadə etməlidir. Hətta lazım gəldikdə dayanmalıdır ki, operativ nəqliyyat vasitəsi hərəkət etsin.

Əgər qəza baş verirsə, vətəndaşa deyirlər ki, qarşındakı avtomobilin sayrışan işıqları yanırdı axı. Bəs onu görmürdüz?

Son zamanlar hərəkət üstünlüyünə malik olan bütün nəqliyyat vasitələrinə yol verən sürücülərin sayı artıb. U sevindirici bir haldır. Bu həm də aparılan təbliğat və təşviqat işlərinin nəticəsidir”.