Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva ilə müsahibəni təqdim edirik.
Azərbaycan Dillər Universitetində həyata keçirilən işləri necə qiymətləndirirsiniz?
Artıq iki ilə yaxındır ki, universitet əməkdaşları sakit, əmin-amanlıq şəraitində işləyir. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik. Çünki cənab Prezidentimizin universitetimizə təyin etdiyi hörmətli rektor, akademik Kamal Abdulla bizə ən yüksək səviyyədə iş şəraiti yaradıb. Təsəvvür edin, iki il rəhbərsiz, yəni, rektorsuz qalmaq nə deməkdir. Elə təyin olunduğu gündən rektorun novator ideyaları ilə qarşılaşdıq. Bu iki ildə Azərbaycan Dillər Universitetində təhsil siyasəti baxımından bir çox vacib layihələr həyata keçirildi. İstər təhsil sahəsində, istərsə də universitetin maddi-texniki, təsərrüfat həyatında bir çox yeniliklər oldu. Bu gün Dillər Universiteti öz beynəlxalq əlaqələrini daha da genişləndirir, müəllimlərimiz dünyanın ən nüfuzlu universitetləri ilə yaxından tanış olurlar. Bu, təbii ki, rektorun irəli sürdüyü ilk təşəbbüslərdən biridir. Beynəlxalq universitetlərlə olan əməkdaşlıq nəticəsində müəllimlərimizin professorlarla, nüfuzlu elm xadimləri ilə əlaqələri daha da genişlənir. İnanırıq ki, bu onların gələcək elmi işlərində də böyük töhfəsini verəcək. Əlbəttə, bütün bu məqamlar universitetimizin həyatı üçün çox vacibdir. Beynəlxalq əməkdaşlığın həyata keçirilməsində akademik Kamal Abdulla universitetin kollektivinə yaxından dəstək olur. Digər təşəbbüslərdən biri də universitetin dördüncü kursunda təhsil alan tələbələrin pedoqoji praktikasıdır. Bizim tələbələrimiz ilk dəfə olaraq respublikamızın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərin təhsil aldıqları məktəblərdə təcrübədə oldular. Bu, könüllülük prinsipi əsasında həyata keçirilən bir iş idi. Azərbaycan universitetləri arasında ilk dəfə olaraq həyata keçirilən bu təşəbbüs ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən irəli sürülüb. Bu çağırışa ilk olaraq universitetimizin bir neçə aparıcı kafedraları, o cümlədən Linqvokulturologiya, Filologiya və Jurnalistika fakültəsinin nəzdində olan İngilis dilinin üslubiyyatı və leksikologiyası kafedrası qoşuldu. Beləliklə, səfər barədə biz rektora fikrimizi bildirdik. O, təbii ki, bunu alqışladı və Ağdam rayonu 1 saylı tam orta məktəbinə getməyimiz üçün şərait yaradıldı. Nəzərinizə çatdırıram ki, bu məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına əlavələr əsasında 2013-2014-cü illərdə inşa edilib. Məktəbin direktoru Çimnaz Kərimova bir neçə dəfə medallarla və sonuncu dəfə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Çox dəyanətli və işgüzar xanımdır.
Növbəti təşəbbüslərdən biri də digəri – mənim fikrimcə, ən mühümü ümummilli liderimiz Heydər Əliyevə həsr olunan “HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası” beynəlxalq konfransı idi. Bölmələr Türkiyənin Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişafı” və Ərzurum Universitetində “Heydər Əliyev və türk dünyası”, Rusiya Federasiyasının Boris Yeltsin adına Ural Federal Universitetində “ADR – Şərqdə ilk demokratik respublikadır”, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, Moskva Dövlət Linqvistika Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında “Multikulturalizm və Rusiya azərbaycanşünaslığı”, Ukraynanın Kiyev Milli Linqvistika Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Belarusun Minsk Dövlət Linqvistik Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”, Serbiyanın Belqrad Universitetində “Multikulturalizmin Azərbaycan təcrübəsi”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan Elmlər Akademiyasının müvafiq institutları və “Bilik” cəmiyyətinin iştirakı ilə) “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çinin Xucjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi”, İtaliyanın Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Fransanın Nim Universiteti, Moldovanın Beynəlxalq Menecment Universitetinin iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Almaniyanın Ausburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzularında keçirilib. Bu konfrans qeyri-adi bir konfrans kimi dünyaya səs saldı. Mən başqa bir layihə haqqında da danışmaq istərdim.
-Buyurun…
– “Bir günlük xəlifə” layihəsi hər kəsə yaxşı məlumdur. Layihə məhz Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilib və bu gün də uğurla davam etdirilir. Sevindirici haldır ki, bu layihəyə ölkə mətbuatının da marağına səbəb oldu. Layihə haqqında mətbuatda geniş materiallar dərc olundu, televiziya kanallarında süjetlər hazırlanır. Buna görə də tələbələr rektor Kamal Abdullaya dəfələrlə təşəkkürlərini bildiriblər. Eyni zamanda rektorumuzun təşəbbüsü ilə Dillər Universitetində bir çox mərkəzlər yaradılıb. Bu mərkəzlər təkcə bizim universitetdə yox, dünyanın bir sıra ölkələrində universitetimiz tərəfindən yaradılan “Azərbaycan dili və mədəniyyəti mərkəzi” adı altında fəaliyyət göstərir. Bu mərkəzlər xaricdə Azərbaycanın mədəniyyətini, tarixi, elmi, təhsili, multikultural və tolerant mühiti haqqında daha müfəssəl məlumatı xarici vətəndaşlara çatdırırlar.
– Dillər Universitetinin tələbələrinin məcburi köçkün məktəblərinə pedoqoji praktikaya getməsini necə qiymətləndirirsiniz?
– Məcburi köçkünlər ağrılı yerimizdir. Onlar nisgilli insanlardır, onlarda ruh yüksəkliyini artırmaq, vətənə məhəbbət, elm və təhsilə yüksək münasibət aşılamaq, sevindirmək, mənəvi dayaq olmaq bizim borcumuzdur. Bu şagirdlər bilməlidirlər ki, onları yada salan, qiymət verənlər var. Onlar özlərini yalnız hiss etməməlidirlər. Bunları yaratmaq üçün təbii ki, bizim bu layihəyə qoşulmağımız vacibdir. Biz də könüllü olduq. Hesab edirəm ki, bu layihə bizim gənclərimizin də xeyrinə olacaq. Fikrimcə, bu təşəbbüs başqa universitetlərdə də həyata keçirilsə yaxşı olar.
– Universiteti bitirən gəncləri rayon və kənd məktəblərində çalışmağa necə cəlb etmək olar?
– Son vaxtlar bir çox gənclərimizin ucqar kəndlərdə işləməyə getmələri ilə bağlı tez-tez xəbərlər oxuyuram. Biri kənd məktəbində innovativ metodlarla dərs keçir, digəri müəllimlik etmək üçün gün ərzində uzun məsafə qət edir. Mən buna qiymət verirəm. Bu, insanın daxilindən gəlməlidir. Niyə də biz öz vətəndaşlarımıza xidmət etməyək?! Biz bu sahədə təhsil almışıqsa, deməli, ölkənin istənilən nöqtəsində bizə ehtiyac var. Bəlkə gələcək talelərini də elə orada tapacaqlar.
– Son günlər universitetdə həyata keçirilən mühüm işləri, nailiyyətləri qiymətləndirməyən, bundan narahat olan bəzi şəxslər haqqında da danışmağınızı arzu edərdik. Onlarla bağlı nə demək istərdiniz?
– Təbii ki, beş barmağın beşi də bir deyil. Biz çoxuq, onların cavabını verməyə qadirik. Rektorumuz haqqında müxtəlif yerlərə ünvanlanan məktublara bir cavabımız var: o yazılanlar qərəzli və böhtan xarakterlidir. İki nəfərin fikri kollektivin fikri ola bilməz. Kamal Abdulla təkcə respublikada yox, dünyada tanınan alim, yazıçı, fikir adamıdır. Onun həyata keçirmək istədiyi bütün işlərin bir məqsədi var: universiteti məcrasına salmaq, əvvəlki imicini geri qaytarmaq, tələbələrə daha gözəl təhsil almaları üçün geniş imkanlar yaratmaq. Biz hamımız bu işdə ona köməklik etməliyik. İnanırıq ki, buna nail olacağıq. İmmanuel Kant deyir ki, yalanın, böhtanın ən böyük düşməni həqiqətdir.