"Almaniya Bundestaqının "erməni soyqırımı" ilə bağlı qərarını şərh edərkən əslində fikirləşmək lazımdır ki, bu hadisələr niyə baş verdi? Bunların mahiyyətində nə dayanır? Dünyada bu hadisələrlə əlaqədar atılan addımlar ədalətlidir, ya yox? Düşünürəm ki, burada bizim həmişə dediyimiz ikili standart özünü göstərir".
 
Unikal.org-un xəbərinə görə, bu sözləri Almaniya parlamentinin uydurma "erməni soyqırımı" barədə qərarına münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, indiki vəziyyətdə bu cür addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: "Bu addımlar sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu cür siyasət düzgün deyil. Bu gün prezident İlham Əliyevin çıxışını dinlədiniz. Düşünürəm ki, belə siyasətin təməli 90-cı illərin əvvəllərində ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul olunması ilə qoyulub. Bu da çox gülünc məsələdir. Azərbaycanın ərazisi işğal olundu, Azərbaycan təcrid olunmuş vəziyyətə düşdü və nəticədə Azərbaycanın əleyhinə bu düzəliş qəbul edildi".
 
N. Məmmədovun sözlərinə görə, 100 il bundan qabaq baş vermiş hadisə ilə əlaqədar tarixçi alimlər ətraflı araşdırma aparmalıdır: "Bununla bağlı Türkiyənin gözəl təklifi var. Bu addımı atmaq lazımdır. Dəqiq elmi araşdırmalar aparıb, dəqiqləşdirdikdən sonra qərar qəbul edilməlidir. Yoxsa, indi bütün prosesləri siyasiləşdirmək düzgün addım deyil. Bunu heç Türkiyə də qəbul etməyəcək".