“Barselona” İspaniya kubokundan kənarlaşdırıla biləc'yi iddia edilir.
Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi kubokun 1/8 final mərhələsinin ilk oyununda “Levante”yə məğlub olduğu matçda (1:2) sarı vərəqə cəzalısı futbolçunu oynatdığı üçün yarışdan uzaqlaşdırıla bilər. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
“Barselona”nın B komandasından çağırılaraq, sözügedən qarşılaşmada forma geyinən Xuan Brandaris Movilyanın İspaniya 3-cü Liqasında “Kastellon”la matçda aldığı sarı vərəqəyə görə cəzalı vəziyyətə düşdüyü bildirilir.
“Levante” klubunun prezidenti Kiko Katalan da bu məsələylə bağlı İspaniya Futbol Federasiyasına şikayət edəcəklərini açıqlayıb. Lakin “Barselona” tərəfi Movilyanın B komandasının “Alkoyano” ilə matçda heyətə alınmamasıyla cəzasını ödədiyini iddia edir.
İlk oyunda “Levante”yə 1:2 hesabıyla məğlub olan “Barselona”, cavab matçında rəqibini 3 cavabsız qolla məğlub edərək, 1/4 final mərhələsinə yüksəlib.