"Bu ilin yanvar ayının 1-dən fevralın 28-dək Gürcüstanda 2 min 65 nəfərin qızılcaya yoluxması faktı qeydə alınıb. Bu da ötən il üzrə göstəricidən 65 nəfər çoxdur".

Unikal.org  “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze söyləyib.

Onun sözlərinə görə, 2018-ci ildə qızılcadan hamısı uşaq olmaqla, üç nəfər ölüb. Bu il isə ölüm faktı qeydə alınmayıb.

A.Qamkrelidze deyib ki, cari ilin iki ayında qızılcaya yoluxma hallarının belə sürətlə artması ölkədə ciddi təhlükənin mövcudluğundan xəbər verir və epidemiya ocağının alovlanmasının qarşısının alınması üçün güclü tədbirlər görülməsi zərurətini yaradır.

Milli mərkəz bütün səhiyyə müəssisələrinə müraciət edərək qızılcaya qarşı peyvəndləmə işlərini sürətləndirməyə, insanların, xüsusən də 20-40 yaş arası olanların peyvənd olub-olmamasını araşdırmağa dəvət edib.

O bildirib ki, bu günədək ölkədə 90 min insan qızılcaya qarşı peyvənd olunub. İl ərzində 300-350 min nəfərin peyvənd olunması nəzərdə tutulub.

“Yalnız bundan sonra ölkədə qızılca virusunun yayılmasının qarşısını almaq mümkün olacaq” - deyə, Qamkrelidze vurğulayıb.