Bakı Nəqliyyat Agentliyinin (BNA) 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv edilməsi ilə bağlı qərarı sırf yollarda optimallaşdırma tədbirlərinin aparılması ilə əlaqədardır.
 
Unikal.org xəbər verir ki, bu barədə "APA-Economics"ə BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
 
"Qərar qəbul olunan zaman bəzi xətlərin təkrarlanması, sərnişinlərin tələbatı və onların məmnunluğu kimi amillər nəzərdən keçirilib. Konkret olaraq "Xaliq Faiqoğlu" MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib. Hər şey heç də qarşı tərəfin iddia etdiyi kimi deyil. Adıçəkilən şirkətin nümayəndəsi bildirir ki, avtobusları standartlara cavab verir. Bakı Nəqliyyat Agentliyi adıçəkilən şirkətə 18 saylı marşrut xəttində istismar olunan avtobuslarla bağlı xəbərdarlıq etdikdən sonra onlar həmin gecə ərzində 61 saylı marşrut xəttində istismar olunan avtobuslarla əvəzləndi. Başqa sözlə, şirkət Əlinin papağını Vəlinin başına qoyub. Bakı Nəqliyyat Agentliyi bütün məsələləri hüquq çərçivəsində həll edib", - deyə qurum rəsmisi qeyd edib.
 
N. Allahyarova əlavə edib ki, sürücülərin işsiz qalmaması üçün 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar verilməzdən öncə adıçəkilən şirkətə iki alternativ xətt təklif olunub, lakin şirkət rəhbərliyi onlardan imtina edib: "Şirkət rəhbərliyi iki alternativ xəttdən imtina edərkən bildirib ki, onlar üçün 18 və 96 saylı xətlər daha maraqlıdır. Səbəb də rentabelliklə izah olundu. Halbuki, bizim təklif etdiyimiz xətlər də rentabellidir. Sürücülərinin işsiz qalmasından narahat olan şirkət iki alternativ xəttin işlədilməsinə razılıq verə bilərdi".
 
İşsiz qalan sürücülərin aqibətinə gəlincə, qurum rəsmisi bildirib ki, hazırda peşəkar sürücülərə olduqca böyük tələbat var və onlar sərnişindaşıma ilə məşğul olan digər şirkətlətrə müraciət edə bilərlər.
****
"Xaliq Faiqoğlu" MMC-nin direktorunun müavini Fizuli Sadıqov "APA-Economics"ə açıqlamasında aksiyanın keçirildiyini təsdiqləyib: "Sürücülər haqlı olaraq işə bərpa olunmasını tələb edirlər. Bilirsiniz ki, Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarından sonra bizim 50 avtobusumuz xətlərdən çıxarılıb və hazırda qarajdadır. Beləliklə, 200-ə yaxın sürücü işsiz qalıb. İndi onlar bizdən tələb edirlər ki, onları işə bərpa edək. Necə və hara bərpa edək? Sağ olsun bəzi qurumların rəhbərləri: onların gördüyü işin nəticəsidir ki, 200 nəfər işsiz qalıb. Bu boyda skandal kimə lazım idi? 2005-ci ildən o avtobuslar xətdə işləyir".
 
Şirkət rəsmisi deyir ki, BNA bu addımı "BakuBus" MMC-nin işini asanlaşdırmaq üçün atıb: "İllərdir 18 saylı marşrut xətti ilə bizim avtobuslar hərəkət edirdi. Bakı Nəqliyyat Agentliyi həmin marşruta "BakuBus"ın 7 saylı avtobuslarını buraxdı. Bundan başqa, 96 saylı marşrut xətti də bizə məxsusdur və illərdir fəaliyyət göstərir. Yenə də həmin marşruta "BakuBus"ın 14 saylı avtobusları buraxıldı. "BakuBus"a məxsus 2 saylı marşrut xətti üçün bizim 65 saylı marşrut xəttini sıradan çıxardılar. Səbəb bəllidir: biz "BakuBus" MMC-nin pul yığmağına mane oluruq. Amma düşünmürlər ki, biz də həmin xəttin lisenziyasını almaq üçün pul vermişik! Düşünmürlər ki, avtobusların alınmasına milyonlarla pul xərcləmişik! Düşünmürlər ki, şirkətimizdən yüzlərlə insan ailəsinə çörək pulu aparır! Bakı Nəqliyyat Agentliyi vaxtilə yuxarı instansiyalara yalan sata-sata şarı köpürtdü və dedi ki, şarın içində hər şey var. İndi isə şar partlayıb və məlum olur ki, şarın içində heç nə yox imiş. İndi də "BakuBus" pul yığa bilmir deyə-deyə düşüblər şirkətlərin canına. Məqsəd odur ki, bazarda sırf "BakuBus" qalsın. Halbuki, biz bütün tələbləri çoxdan yerinə yetirmişik, hətta "BakuBus" fəaliyyətə başlamayandan. Təkcə kart sisteminə keçid üçün 421 min dollar xərc çəkmişik".
 
F. Sadıqov əlavə edib ki, şirkətin avtobus parkının müvafiq standartlara cavab verməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Gəlib, özünüz baxa bilərsiniz. Bizim parkımız olduqca müasirdir. Üstəlik, burada işlər davam etdirilir".
 
O əlavə edib ki, şirkət parkın yenilənməsinə külli miqdarda xərc çəkib: "Bizim hazırda bir neçə banka 20 milyon manata yaxın kredit borcumuz var. Avtobuslarımız işləmədikcə, kreditin ödənişində də problemlər yaranacaq. Bunları düşünən yoxdur".
 
Şirkətin ümumilikdə 14 marşrut xətti var və F. Sadıqov hesab edir ki, bu gedişlə, onların sayı azalmaqda davam edəcək. "Bizim 250-ə yaxın avtobusumuz var. Hazırda fəaliyyətsiz (bağlanan marşrut xətlərindəkilər - red.) olan avtobusları mövcud xətlərə buraxmaq da düzgün deyil, çünki xaos yarana bilər", - deyə o qeyd edib.
***** 
Bir neçə gün əvvəl ləğv edilən 18 və 96 saylı avtobusların sürücüləri aksiya keçirib.
Unikal.org xəbər verir ki, sözügedən xəttlərdə işləyən avtobus sürücüləri "Xaliq Faiqoğlu" şirkətinin qarşısına toplaşıblar. 200-ə yaxın işsiz sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb ediblər. Sürücülər maddi vəziyyətlərinin pis olduğunu, bir çoxlarının banklarda kredit borclarının olduğunu qeyd ediblər. Şirkət rəhbərliyi sürücülərə aidiyyatı dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.
 
Avtobus sürücüləri aksiya keçirdi - Fotolar
Avtobus sürücüləri aksiya keçirdi - Fotolar