16-18 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqədar statistik məsələlərə dair ekspertlərin üçüncü iclası və seminar keçirilir.

Unikal.org xəbər verir ki, tədbirlərdə Dövlət Statistika Komitəsi aparatının Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri, Azərbaycan Respublikasının DİM üzrə Milli Əlaqələndirmə Şurasının Monitorinq və qiymətləndirmə üzrə işçi qrupunun rəhbəri Rasim Səfərov iştirak edir.
BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə baş tutan tədbirlərin məqsədi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də qarşıya qoyulmuş məqsəd və hədəflərə nailolma vəziyyətinin statistik ölçülməsinə aid aktual məsələlərin müzakirəsi, DİM statistikası üzrə hazırlanmış yol xəritəsinin birinci versiyasının yerinə yetirlmə statusu və onun təkmilləşdirilməsi üçün əsas istiqamətlərin müəyyən edilməsindən ibarətdir. Tədbirlər çərçivəsində DİM-in ölçülməsi sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr, mövcud təşəbbüslər, nümunəvi təcrübələr və qarşıda duran çətinliklər nəzərdən keçirilir.

BMT-nin ixtisaslaşmış qurumlarının və müvafiq regional təşkilatların, Cənub Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika təşkilatlarının DİM göstəricilərinin işlənməsinə məsul əməkdaşlarının qatıldığı tədbirlərin gündəliyinə DİM-ə nail olunmasına dair statistik göstəricilər üzrə məlumatların qlobal və milli səviyyədə toplanması və ötürülməsi ilə əlaqədar qarşılıqlı fəaliyyətlərin əlaqələndirlilməsi, DİM üzrə statistika sahəsində statistik məlumatların və metaməlumatların mübadiləsində SDMX (Statistical Data and Metadata Exchange) standartının tətbiqi məsələləri, dayanıqlı inkişaf statistikası sahəsində effektiv kommunikasiya mexanizmləri, potensialın artırılması və DİM göstəricilərinin metodoloji baxımdan istehsalı, onların sosial-demoqrafik əlamətlərə görə dezaqreqasiya səviyyəsi, geoməkan məlumatlarından istifadə vəziyyəti, BMT-nin DİM göstəriciləri üzrə Təşkilatlararası və Ekspert Qrupu tərəfindən məlumatların dezaqreqasiyası ilə bağlı hazırladığı sənədin müzakirəsi və bir sıra digər aktual məsələlər daxil edilib.

Dörd gün davam edən tədbirlərin ayrı-ayrı sessiyalarında müxtəlif ölkə və ekspert təqdimatları və məsləhətləşmələri keçirilir, müzakirələr aparılır. 

Dövlət Statistika Komitəsinin nümayəndəsi də iclasda çıxış edərək DİM göstəriciləri üzrə milli məlumat təchizatçıları, aidiyyəti beynəlxalq quramlarla statistik fəaliyyətin əlaqləndirilməsi və statistika potensialının artılıması sahəsində ölkəmizdə həyata keçirilən təşəbbüslər, DİM-ə milli səviyyədə nail olunmasına dair milli göstəricilərin müəyyən edilməsi, göstəricilər üzrə statistik məlumatların toplanması, işlənməsi və Könüllü Milli Hesabatın hazırlanması prosesinin əlaqələndirilməsinə yüksək siyasi töhvə verən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı nümunəvi təcrübə kimi ekspertlərin diqqətinə çatdırıb.

Bununla yanaşı, DİM-ə nailolma vəziyyətinin monitorinq və qiymətləndirilməsini təmin etmək üçün dəqiq və dolğun məlumatların istehsalı sahəsində statistika potensialının artırılması məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (FAO) ilə Komitə arasında əldə olunan texniki əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi üçün keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsinin DİM üzrə məlumatların istehsalı, onların keyfiyyət baxımından rəsmi statistikaya uyğunluğunun və beynəlxalq müqayisəliliyinin təmin edilməsinə müsbət tövhələri barədə məlumat verib.