Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird elmi konfransı keçirilib.
Unikal.org xəbər vrir ki, konfransda Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Zəngilan rayon 33 nömrəli köçkün tam orta məktəbi, Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi, Bakı şəhəri 221 nömrəli tam orta məktəb, Şamaxı şəhər A.Alıxanov adına Sabir qəsəbə tam orta məktəbi, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 27 nömrəli tam orta məktəb, Bakı şəhəri 129 saylı tam orta məktəb, Bakı şəhəri 167 saylı tam orta məktəb, Ankara Məktəbi məktəb-liseyi, Bakı Türk Anadolu liseyi, Bakı Dövlət Universiteti (BDU) nəzdində Gənc İstedadlar liseyi, Bakı “SABİS SUN” Beynəlxalq məktəbi, Saray qəsəbəsi 1 nömrəli məktəb, Bakı şəhəri 257 saylı tam orta məktəb, direktor, müəllim və şagirdləri, həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, İstanbul Yıldız Texnik Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Universitetin Cəlilabad filialı, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Slavyan Universiteti, Bakı Turizm Universitetinin müəllim və tələbələri iştirak ediblər.
ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri akademik Kamal Abdulla qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor konfransın ulu öndər Heydər Əliyevə həsr olunmasını əlamətdar hal kimi dəyərləndirib: “Tələbə-şagird konfransı ciddi və faydalı addımdır. Bu, məktəblə universitetin əlaqəsinin möhkəmlənməsi deməkdir, təhsilin bugünkü hüdudları fonunda məktəb, universitet sistemimizdə gedən islahatlarla bağlıdır. Mənə elə gəlir ki, konfransdan əlavə də bizim tələbələrimiz, şagirdlərimiz, müəllimlərimiz bir-biri ilə maraqlı mövzular ətrafında söhbətlər edə biləcəklər. Ona görə də belə konfransları biz gələcəkdə də etmək fikrindəyik. Məqsəd birdir – Azərbaycan məktəbləri ilə əlaqələri gücləndirmək, Azərbaycan ziyalılığının təkcə Bakıda yox, eyni zamanda ən ucqar hüdudlarda da yaşadığını göstərmək. Bütün bunlar Azərbaycan Dillər Universitetində baş verirsə, bizim əlaqələrimiz də bura əlavə edilirsə, o zaman konfransın əks-sədası, inanıram ki, çox uzaq yerlərdən gələcəkdir. Bu gün Azərbaycanın köçkün məktəblərində, yenicə azad edilmiş torpaqlarında fəaliyyət göstərən məktəblərində intibah işləri gedir, dirçəliş işləri aparılır. Bu dirçəlişin, bu inkişafın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyevin fədakar, cəsarətli, qətiyyətli, ləyaqətli siyasəti bu gün Azərbaycanın bütün sahələrini dünyada, regionda təmsil etməklə yanaşı, Azərbaycan təhsilinin də şərəfli yerini göstərir. Prezidentimiz ulu öndərin yolu ilə ləyaqətlə addımladıqca bu gün Azərbaycan universitetləri, məktəbləri dünya miqyasına çıxır, dünya universitetləri, məktəbləri ilə əlaqəsini qurur. Arzu edirəm ki, bizim konfrans heç zaman unudulmasın”.
Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Zəhra Hüseynova tələbə-şagird konfransının ikinci dəfə baş tutduğunu bildirib və konfrans haqqında geniş məlumat verib.
N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev konfransın işini yüksək qiymətləndirib. O, ADU tələbələrinin rəhbərlik etdiyi məktəbdə təcrübə fəaliyyətindən söz açıb: “Akademik Kamal Abdullanın şəxsi təşəbbüsü ilə iki ay kəndimizin sakini olmuş tələbələrdən danışmaq istəyirəm. Onlar bu universitetin yetirmələridir və universiteti layiqincə təmsil etdilər. Onların oradakı uğurları, kənd sakinlərinin onlara ürəkdən sevgisi, şagirdlərin onlara bağlandıqlarını gördükdən sonra universitet rəhbərinə xüsusi məktub ünvanladım və müsbət cavab olaraq tələbələrin oradakı vaxtları bir ay uzadıldı”.
Bakı “SABİS SUN” Beynəlxalq məktəbinin direktoru Todd Flanagan da konfransın keçirilməsini yüksək qiymətləndirib. O, konfransda multikulturalizm məsələləri ilə bağlı həmkarları ilə dəyərli müzakirələr aparmaq şansı əldə etdiyini bildirib. Beynəlxalq məktəbdə müxtəlif xalqların nümayəndələri ilə birgə işləmək imkanı olduğunu deyən T.Flanagan qloballaşmada təhsilin önəmindən danışıb.
ADU-nun Elmi işlər üzrə prorektoru professor Sevinc Zeynalova deyib ki, gənclərimizin elmə, təhsilə cəlb olunması Azərbaycan dövlətinin təhsil siyasətinin əsas və prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, konfransda tələbə-şagird birliyi, müəllimlərin iştirakı bu konfransın məzmununa daha da maraq qatır.
Cocuq Mərcanlı kənd tam orta məktəbində təcrübədə olan tələbə Aysel Səlimova layihənin müasir təhsilimizdə yenilik olduğunu söyləyib. Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin X sinif şagirdi Nazpəri Rəhimli “Qloballaşan dünyada multikulturalizm modelləri” məruzəsi ilə çıxış edib.
Konfransın “Azərbaycan təhsil sistemi dünya təhsil məkanında”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcümə və mədəniyyətşünaslığın aktual problemləri”, “Dil və ədəbiyyat”, “Qloballaşan dünyada multikulturalizm modelləri”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda bölmə iclasları ilə davam edib və iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri də məzurələrlə çıxış ediblər.
Konfransın bağlanış mərasimində köçkün məktəblərinin şagirdlərinə sertifikatlar və hədiyyələr təqdim olunub.