Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT İnkişaf Proqramının dəstəyi ilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinə Enerji Alternativlərinin Uzunməqsədli Planlaşdırılması Sistemi (LEAP) üzrə  treninq keçirilir. 

Unikal.org xəbər verir ki, Azərbaycanda ilk dəfə tətbiq olunacaq LEAP proqram təminatı sistemi üzrə treninq sözügedən təşkilatın eksperti Taylor Binnington tərəfindən keçirilir və 5 gün davam edəcək. Stokholm Ətraf Mühit İnstitutu tərəfindən hazırlanmış proqram təminatı sistemi olan LEAP modelinin əsas funksiyası iqlim dəyişmələrinin təsirinin azaldılmasının qiymətləndirilməsi və enerji siyasətinin təhlilindən ibarətdir. 

LEAP hazırda istilik effekti yaradan qazların təsirlərinin azaldılmasının qiymətləndirilməsini və enerji resurslarının inteqrə olunmuş planlaşdırılmasını, həmçinin Aşağı Emissiya İnkişafı Strategiyalarını (LEDS) həyata keçirən bir çox dövlətlərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin istifadə etdikləri effektiv proqram təminatıdır və xeyli müddətdir ki, dünyada  ekologiya və energetika üzrə ixtisaslaşmış təşkilatlar tərəfindən istifadə olunur. 

Qeyd edək ki, ETSN-də ekologiyanın müxtəlif sahələri üzrə kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiq edilməsi istiqamətində fəaliyyət davam etdirilir.