Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sakinlərin müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib.

Unikal.org xəbər verir ki, qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan sakinlərin də müraciətlərinə baxılıb. 

Komitə sədrinin qəbuluna yazılmaq istəyən vətəndaşlar üçün bütün şərait yaradılıb. Onlar onlayn, telefon, elektron poçt ünvanı vasitəsilə, həmçinin əyani olaraq ərazi ofislərinə müraciət etməklə qəbula yazıla bilirlər. 

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində başlıca prinsip vətəndaşların müraciətlərini operativ həll etməklə onlara yüksək səviyyədə xidmət göstərməkdir. Əmlak idarəçiliyində bu məqsədlə tətbiq edilən innovativ addımlar, yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib. 

Komitə vətəndaşların suallarına həssaslıqla yanaşır və onları çevik cavablandırır. Budəfəki qəbulda da vətəndaş məmnunluğu ön planda olub. Qəbul zamanı komitənin fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılıb. Həmçinin  torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Struktur bölmələrin rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaş müraciətləri həssaslıqla dinlənilib, məsələlərin bir çoxu yerində həllini tapıb. Hər bir vətəndaş müraciətinə diqqətlə yanaşan komitə sədri Kərəm Həsənov müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb. Bir qisim müraciətlər operativ araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Bildirilib ki, artıq əmlaka dair çıxarış elektron şəkildə veriləcək. Belə ki, tətbiq edilən elektron çıxarış sistemi vasitəsilə çıxarışın reyestr, qeydiyyat nömrəsi telefon nömrəsinə göndəriləcək. Həmin sənədin bütün rekvizitləri vətəndaşın Elektron hökumət portalındakı şəxsi kabinetində olacaq. Çıxarış artıq kağız formatında deyil, elektron şəkildə əldə ediləcək. 

Vətəndaşa daha rahat və əlçatan olması üçün Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Onlar Əmlak Xidmətləri Məkanına da müraciət etməklə xidmətlərdən operativ olaraq yararlana bilərlər. Artıq Məkanın Bakı ilə yanaşı, digər bölgələrdə də açılması nəzərdə tutulur. 

Bundan başqa vətəndaşlar onları maraqlandıran sualları komitənin vahid çağrı mərkəzi, rəsmi informasiya portalı (emdk.gov.az), onlayn məsləhət pəncərəsi (privatization.az), sosial şəbəkələrdəki rəsmi  səhifələrinə ünvanlaya bilər. Həmin müraciətlər dərhal cavablandırılır, araşdırılması tələb olunan suallar isə müvafiq olaraq aidiyyəti üzrə yönləndirilir. 

Regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.