Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə Akademiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusundasərgi-konfrans keçirilib.

Unikal.org xəbər verir ki, öncə ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərginin açılışı olub.

Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov ulu öndərin Azərbaycanın müasir tarixində, dövlətimizin tərəqqisində, ictimai-siyasi və sosial sahələrdə rolu  haqqında söz  açıb. O, Heydər Əliyevin gənc nəslin yetişməsində xidmətlərindən, gənclərə göstərdiyi qayğıdan danışaraq ulu öndərin Azərbaycan cəmiyyətində gənclərə kitaba, elm və təhsilə marağı tövsiyə etdiyini vurğulayıb. Qulu Novruzov bildirib ki, hələ sovet dönəmində Heydər Əliyev təhsil sahəsinə böyük önəm verib, Azərbaycan gənclərini keçmiş SSRİ-nin ən mütərəqqi ali məktəblərinə təhsil almağa göndərib. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasətin uğurla davam etdirildiyini deyən Akademiya rəisi 2007-2015-ci illərdə 3500-dən çox tələbənin xüsusi dövlət proqramı çərçivəsində bütün xərcləri ödənilməklə dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərildiyini xatırladıb. Qulu Novruzov ümummilli liderin humanitar sahədə misilsiz xidmətlərindən danışaraq geniş və hərtərəfli mütaliəyə malik Heydər Əliyevin elmə, təhsilə, kitaba verdiyi dəyərdən bəhs edib.  Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş kitab sərgisinin Akademiya əməkdaşları, gömrük orqanlarına yeni qəbul olmuş əməkdaşlar üçün təşkil olunan təlimlərin dinləyiciləri və tələbələr tərəfindən maraqla qarşılandığını vurğulayıb. Qulu Novruzov Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. O, Gömrük Akademiyası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov 1994-1996-cı illərdə ümummilli lider Heydər Əliyevin 4 dəfə kitabxanaya gəldiyini, kitab təqdimatında və açılışlarda iştirak etdiyini deyib. Kərim Tahirov ümummilli lider Heydər Əliyevin kitaba verdiyi böyük dəyərdən söz açaraq onun şəxsi kitabxanasından olan kitabları şəxsən hədiyyə etdiyini deyib.  Ulu öndərin bu nümunəvi addımından və tövsiyəsindən  sonra 17-dən artıq Azərbaycan ziyalısının şəxsi kitablarını kitabxanaya hədiyyə etdiyini nəzərə çatdırıb. O, sərgidə ulu öndərin şəxsi kitabxanasına aid, elmin müxtəlif sahələrini əhatə edən, 300-dək Azərbaycan, rus və ingilis dillərində dünya və Azərbaycan klassiklərinin və bir sıra ədəbiyyat nümunələrinin nümayiş olunduğunu deyib. O, bildirib ki, kitabların bir çoxunda ümummilli liderin qeydlərinə, kitabla bağlı fikirlərinə rast gəlmək olar. Heydər Əliyevin hər zaman kitaba yüksək dəyər verdiyini vurğulayan Kərim Tahirov bu dahi şəxsiyyətin kitabxanaya, kitabxanaçılara hər zaman dərin ehtiramının olduğunu da diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Knyaz Aslan,  Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov və Akademiyanın rəis müavini, professor Ramiz Hümbətov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı rolundan danışıblar. Ulu öndərin müəllimə, elmə, təhsilə verdiyi yüksək dəyərdən söz açıblar, həmçinin kitabın və mütaliənin gənc nəslin tərbiyəsində vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Akademiya rəisi Qulu Novruzov Milli Kitabxananın direktoru Kərim Tahirova Akademiyanın “Fəxri qonaq” plaketini təqdim edib.