Bu gün Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib.
Unikal.org xəbər verir ki, yığıncaqda “Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında” Abşeron RİH-nin başçısı İradə Gülməmmədova məruzə ilə çıxış edib. Bildirilib ki, ötən rüb ərzində rayonda abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.
Prezidentin çoxmənzilli yaşayış binalarının ətrafında olan qanunsuzluqların aradan qaldırılması, sakinlərin istirahəti üçün şəraitin yaradılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, son 3 il ərzində Xırdalan şəhərində binaların həyətlərindən ümumilikdə 272 qaraj götürülüb, 445 daş və metal hasar sökülüb. Xırdalan şəhərində binalar arasında nümunəvi məhəllələrin, parkların yaradılması istiqamətində işlər davam etdirilib. Qeyd edilib ki, 2019-cu ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə daxili yollara 6250 kub metr çınqıl tökülərək yayılıb, 8200 kvadratmetr sahə asfaltlanıb.
Ötən illərdə olduğu kimi cari ilin birinci rübündə də ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılıb və rayonun yaşayış məntəqələrində 8 minə qədər şam, sərv, xan çinar və digər növ ağaclar əkilib.
Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilib. Bu günə qədər 127 km uzunluğunda içməli su, 69.8 km uzunluğunda kanalizasiya xətti çəkilib, 18251 ev birləşməsi verilərək 5130 sayğac quraşdırılıb. Ümumilikdə layihə çərçivəsində 168 km içməli su, 110 km uzunluğunda kanalizasiya xəttinin həyata keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə Abşeron rayonu üzrə 770 yeni iş yeri yaradılıb. Hazırki tarixə ödənişli ictimai işlərə 652 nəfər cəlb edilib, 118 yer isə vakantdır. İşçilər xüsusi geyim və mal-materiallarla təchiz edilib.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 8 investisiya layihəsi üçün 11 milyon 620 min manat güzəştli kredit verilib ki, həyata keçiriləcək bu layihələr üzrə 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artıb, ərazidə fəaliyyət göstərən 38 şirkət tərəfindən istehsal olunan 360 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib.
Eyni zamanda Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi yüksək səviyyədə başa çatdırılıb və müəssisə fəaliyyətə başlayıb. Artıq müəssisədə rayonun Qobu, Hökməli və Güzdək qəsəbələrindən 85 nəfər işlə təmin olunub. Qeyd edək ki, burada ümumilikdə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Xalçaçılıq emalatxanasının fəaliyyətə başlaması yeni iş yerlərinin açılması ilə yanaşı rayonda xalçaçılığın inkişafına, bu sahədə qədim ənənələrin davam etdirilməsinə böyük təkan verəcəkdir.
Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına da nail olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9 faiz çox olmaqla 452 hektar sahədə tərəvəz əkilib.
Sonra Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Yusubov, Xırdalan Enerji Təchizatı və Satışı idarəsinin rəisi Şahin Qədimli, Abşeron Telekommunikasiya Qovşağının rəisi Mikayıl Babayev, Bakı şəhər Qaz Təchizatı Departamentinin Abşeron Texniki İstismar Xidmətinin rəisi Mikayıl Mehdiyev çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.