“Əli İnsanovun fəaliyyəti ilə tanışam. Onun bütün fəaliyyəti, inkişafı, pillələrlə yüksəlişi sırf ulu öndərin siyasəti və adı ilə bağlıdır. Hələ onun o zamanlar doktorluq dissetasiyasını yazmaq üçün Moskvaya göndərilməsindən tutmuş səhiyyə naziri vəzifəsinə qədər bütün pillələrdə ulu öndər Heydər Əliyev ona himayədarlıq edib. Hesab edirəm ki, Heydər Əliyev siyasətindən və hakimiyyətindən ən çox bəhrələnən, ən çox imtiyazlar qazanan insan Əli İnsanovdur. Sonradan Əli İnsanovun bu siyasətə və Heydər Əliyev kursuna bu formada xəyanət etməsi heç bir çərçivəyə sığmır”.
Unikal.org xəbər verir ki, bunu modern-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.
Əhliman Əmiraslanovun sözlərinə görə, əgər keçmişə müraciət etsək, onun çıxışlarında, yazılarında Heydər Əliyev kursu və siyasəti ilə bağlı dediyi fikirləri üzə çıxartsaq, bir məsələni tam görə bilərik.
“O da onun inkişafının Heydər Əliyevlə bağlı olduğunu etiraf etməsidir. Hesab edirəm ki, belə bir insanın bu gün bu kursa, siyasətə qarşı çıxması riyakarlıqdır”
Akademik sabiq səhiyyə nazirinin siyasətlə məşğul olacağı ilə bağlı verdiyi anonsa da münasibət bildirib.
“Əli İnsanovun bu günlərdə “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsinə qulaq asdım. Düzü, gözləyirdim ki, möhtərəm cənab prezidentimizin humanist addım ataraq onu əfv etməsindən sonra azadlığa çıxaraq həkimlik fəaliyyəti ilə, xəstələrə yardım göstərməklə məşğul olacaq. Mənə elə gəlir ki, o zaman daha faydalı olardı. Bunu bir həkim kimi söyləyirəm. Təəssüf ki, həbsxanadan çıxan kimi əks fikirlər səsləndirməyə başladı. “Amerikanın səsi”nə verdiyi müsahibədən də bəllidir ki, bu, siyasətlə məşğul olmaq istəyir. Siyasətə iddialıdır. Şübhəsiz ki, siyasətlə məşğul olmaq hər hansı qurum, təşkilat yaratmaq hər bir insanın şəxsi işidir. Bu, Azərbaycanda insanların konstitusion hüququdur. Bunu heç kim inkar edib qadağa qoya bilməz. Siyasətə qayıdanda siyasi işlə məşğul olanda gərək oturub fikirləşsin ki, məni kimlər dəstəkləyəcək? Ümumiyyətlə, məni dəstəkləyən olacaqmı? Çünki Azərbaycan xalqı ayıq xalqdır. Onlar öz siyasi kursuna, onun inkişafında son dərəcə böyük əhəmiyyəti olan Heydər Əliyev və ulu öndər kursuna xəyanət etmiş insanın yanında ola bilməz. Bizim insanlar dürüst insanın, Azərbaycanın gələcəyinə baxan insanların yanındadırlar. Ancaq bunun müsahibəsindən görünür ki, bu son dərəcə hikkəli və iddialıdır. Təhqirlə, qışqırmaqla siyasət qurmaq olmaz. Siyasətçidə ilk növbədə təmkin, ağıl olmalıdır. Siyasətə addım atan insanlar fikirləşməlidir ki, mənim siyasi bazam, dəstəyim varmı?! Hesab edirəm ki, bunların heç biri Əli İnsanovda yoxdur. Bütün bunların hamısını hələ müxtəlif vəzifələrdə olduğu vaxtlarda xərcləyib. Düşünürəm ki, onun bu hərəkətləri, bu sözləri tək məndə deyil, bütövlükdə Azərbaycan xalqının əksəriyyətində ikrah hissi doğurur”.
Deputat Əli İnsanovun müsahibəsi zamanı Amerika-Azərbaycan münasibətlərindən danışmasına da münasibət bildirib.
“Azərbaycan prezidenti möhtərəm cənab İlham Əliyev Amerika prezidentləri ilə münasibətlərini qeyd edib. Düşünürəm ki, onun toxunduğu məsələlər insanlarda gülüş doğuran fikirlərdir. Bunun üçün siyasətçi olmaq lazım deyil. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, eləcə də İlham Əliyevin hakimiyyəti dövründə nəinki ABŞ, dünyanın inkişaf etmiş qabaqcıl ölkələri ilə Azərbaycan arasında sıx və qarşılıqlı münasibətlər formalaşıb. O cümlədən prezident İlham Əliyevlə Amerikanın bir neçə prezidentləri ilə görüşləri, onlar arasında olan münasibət, Azərbaycana olan yaxınlıq hamıya bəllidir. Hesab edirəm ki, bu gün onu inkar etmək siyasi savadsızlıqdır.
Avropaya inteqrasiyamızla, guya münasibətlərimizin qeyri-sağlam olması ilə bağlı da danışıb. Bu, yalandır. Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə Avropa yönümlü siyasət həyata keçirməyə başladı. Avropa Şurasına üzv qəbul olunduq. Bu gün bu siyasəti davam etdirən cənab prezident İlham Əliyev Avropa Birliyi ilə əlaqələri qurur. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanması ərəfəsindədir. Avropa ilə Azərbaycan münasibərləri genişlənir.
Avropadan gələn insanlar Azərbaycanın son dərəcə sürətli inkişafını görür və Azərbaycanın Avropa ölkəsi olduğunu söyləyirlər. Bunu biz demirik. Dünyadan ölkəmizə təşrif buyuran insanlar deyir. Düşünürəm ki, onun o fikirləri də yanlışdır. Şübhəsiz ki, o bunları bilir. Sadəcə olaraq səmimi deyil”.
Əhliman Əmiraslanov sabiq səhiyyə nazirinin regionçuluq məsələlərinə də münasibət bildirib
“Yalnız zəif insanlar region söhbətini qaldırır. Güclü insanlar bunu qaldıra bilməz. Bir haşiyə çıxım. 20 il Moskvada çalışmışam. Keçmiş Stalin, sonra dövlət mükafatı almışam. Dövlət mükafatı alarkən nə mən, nə də mənə kimsə deyirdi ki, bu Qərbi Azərbaycandandır?! Sadəcə azərbaycanlıdır deyilirdi. Çünki bütövlükdə Azərbaycanı təmsil edirdim. Ona görə də xalqımızı regionlara bölmək yanlış düşüncədir. İstər ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ilk dövrlərində, istərsə də İlham Əliyevin hakimiyyəti dövründə Qərbi Azərbaycandan olan insanlar Heydər Əliyev siyasi kursunu və İlham Əliyev siyasətini dəstəkləyir və onlarla bir yerdədir. Dünən bəzi yazılar gözümə dəydi və məni məyus etdi. Bir insan böyük bölgəni təmsil edə bilməz. Heç kimin də haqı yoxdur deyə ki, “mən bu bölgəni təmsil edirəm”. Əli İnsanovla bağlı yazılarda bütövlükdə o bölgə haqqında zərərli fikirlər gözümə dəydi. O insanlara demək istəyirəm ki, o fikirlərdən əl çəksinlər. Azərbaycanı bölgələrə bölməsinlər.
Bu, zərərli addımdır. Düşünürəm ki, bir şəxsə görə bölgə haqqında fikir bildirmək doğru deyil. Hər bölgənin ləyaqətli, vicdanlı insanları var. Təəssüf ki, nankor insanları da var. Hesab edirəm ki, Əli İnsanovun bu müsahibəsi siyasi arenaya gəlməsi yanlış fikirdir. İnanmıram ki, böyük insan kütləsini ətrafına toplayıb hər hansı qurum yaratsın. Bu xam xəyaldır. Heç bir perspektivi yoxdur. Tövsiyəm odur ki, həkimlik peşəsinə qayıtsın. Bəlkə insanlara onun faydası ola bilər”.