Azərbaycan Turizm və Menecment Universitetində ”Məzun-2019” adlı X buraxılış mərasimi olub.
Unikal.org xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov məlumat verib ki, ATMU 12 ixtisas üzrə bakalavr, magistr, doktorantura və əlavə bakalavr təhsili üzrə kadr hazırlığını həyata keçirir.
O vurğulayıb ki, bu il ATMU-dan məzun olan 348 nəfərdən 80 nəfəri magistr, 268 nəfəri bakalavr pilləsini bitirib.
ATMU-nun bu ilki məzunlarından 14 nəfərinin eyni zamanda Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomuna sahibləndiklərini qeyd edən rektor ümumilikdə, universitet məzunlarının 210 nəfərinin iki diploma malik olduqlarını bildirib.
İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr bu il təkcə Azərbaycanda deyil, eləcə də Türkiyə (13), İsrail (55), Çin (3), Kipr (16), Bolqarıstan (19) turizm müəssisələrində təcrübə keçirlər. Bildirim ki, 2018-2019-cu tədris ilində ATMU-dan istehsalat təcrübəsinə göndərilən 379 tələbədən 219-u təcrübə semestrini uğurla başa çatdırıb. 160 nəfəri isə turizm sənayesinin müvafiq strukturlarında peşəkar vərdişlərə yiyələnməkdədirlər. Növbəti ildən tələbələrin İtaliya, BƏƏ, Küveyt, Qatar, İsveçrə, Macarıstan və başqa ölkələrdə anoloji təcrübə proqramlarına qatılmaları üçün lazımi işlər aparılır. O qeyd edib ki, universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub.
İ.Mədətov ATMU-nun əldə etdiyi nailiyyətlərin ölkə rəhbərinin diqqət və qayğısı, digər dövlət və özəl strukturların universitetimizə səmimi münasibəti nəticəsində mümkün olduğunu vurğulayaraq ATMU-ya dəstək olan bütün dostlara təşəkkür edib.
Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, ali məktəbin məzunu olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. Dövlətimizin turizm sahəsinin inkişafına xüsusi önəm verdiyini qeyd edən F.Nağıyev bu sahədə görülən işlərin davam etdirildiyini söyləyib. Bildirib ki, gənclərin bu sahədə rolu artır və işçi qüvvəsinə ehtiyac duyulur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılmasının və digər tədbirlərin ölkəmizdə bu sahənin inkişafı istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb. Dünyanın qabaqcıl ölkələrinin büdcə gəlirlərində turizmin mühüm yer tutduğunu vurğulayan komitə sədri deyib ki, Azərbaycanda da bu sektorun inkişafı üçün davamlı işlər görülür.
Milli Məclisin deputatları İlham Məmmədov,Aydın Mirzəzadə, Sevinc Hüseynova, Elman Nəsirov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin baş icraçı direktoru Karl Ennsfellner, Azərbaycan Turizm Bürosunun baş icraçı Direktoru Florian Sengstchmid və başqaları məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.
Daha sonra məzun törənində ATMU və Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub.
2018/2019-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2018/2019-cu tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edildi .