Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə  fəaliyyət göstərir. 

Unikal.org xəbər verir ki, ilk mərhələdə ali təhsil müəssisələrinə lisenziyaların paylanması nəzərdə tutulur. Bu məqsədlə ali məktəblər üçün təşkil olunan tədbirdə ölkəmizin bir çox təhsil ocaqlarının İT mütəxəssisləri iştirak ediblər. Tədbir zamanı təhsilə aid məhsullar barədə ətraflı məlumat verilib, sual-cavab sessiyası keçirilib. 
Qeyd edək ki, “AzInTelecom” tərəfindən ödənişsiz təqdim edilən bu lisenziyalardan istifadə ali təhsil müəssisələrində İT sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə şərait yaradacaq. 

Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimləri lisenziyalarla təmin etməyə imkan verəcək. Hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə piratçılıq səviyyəsinin azalmasına gətirib çıxaracaq. 
Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir. 

“AzInTelecom” haqqında

Müştərilərə öz əsas işləri ilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur: 
1.    Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
2.    Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.
3.    Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması. 
“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.azintelecom.az”  və “www.azcloud.az” veb-saytlarından istifadə edə bilərsiniz.