““İntravel AZ” şirkətindən Antalyaya səyahət etmək üçün ailəmlə bərabər bilet almışdıq. Bu gün Antalyaya uçmalı idik. Hava limanında məlum oldu ki, nə bilet, nə otel var”.

Unikal.org xəbər verir ki, bunu Leyla Məmmədli adlı müştəri sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, şirkətdən tam ödəniş edib möhürü və imzası olan sənəd alıb: “Mənim kimi 20-dən çox ailə də bu şirkətin dələduzluğundan əziyyət çəkir. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.

Şirkət rəhbəri İlqar Kərimli “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, turizm müqaviləsi ilə ofisə yaxınlaşan hər kəsə şirkət tərəfindən köməklik göstərilir:

“Şikayətçi Leyla xanım rəsmi qayiə ilə ofisimizə yaxınlaşsa, mən bütün köməkliyi etməyə hazıram. Ancaq bu şikayətçilərin heç birində rəsmi müqavilə yoxdur. Ofisdən kənarda, bizim xəbərimiz olmadan menecer Nərgiz Məmmədovaya ödəniş ediblər. Bu zaman heç biri ödənişin olunması ilə bağlı qəbz tələb etməyib. Əlində sənədi olmayan şəxslərə də mən ödəniş edə bilmərəm. N. Məmmədova dərman içərək özünə qəsd etmək istəyib. Hazırda Toksikologiya şöbəsindədir.

Yay boyu 1000-dən çox müştərimizi səyahət üçün yola salmışıq. Rəsmi müqavilə olan heç bir şəxslə bu problem yaşanmayıb”.