Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.
Unikal.org “Report”a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi misirli Amr Reda Ramadan Husseni olub. Görüşə fəal başlayan titullu pəhləvan işlətdiyi fəndlərlə 4:0 hesabı ilə önə çıxıb. Bu vaxt Hussen qolundan zədələnib. Lakin o, həkim müdaxiləsindən sonra görüşü davam etdirib. İlk hissənin sonlarında yenə zədələnən misirli pəhləvan yerə sərilərək ağrıdan qışqırmağa başlayıb.
Həkimlər Hussenin görüşü davam etdirə bilməyəcəyini deyiblər. Nəticədə Əliyev qalib elan olunub.
Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün daha iki təsəlliverici görüşdə qalib gəlməlidir. Bürünc medal qazanmaq üçün isə 3 rəqibi üstələmək lazımdır. Onun növbəti təsəlliverici görüşdə rəqibi yaponiyalı Takuto Otoquro olacaq.
Digər sərbəst güləşçi Ağahüseyn Mustafayev isə ilk görüşünə çıxıb.
70 kq çəki dərəcəsində yer alan Mustafayevin rəqibi türkiyəli Haydar Yavuz olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 10:6.
Mustafayevin 1/8 final mərhələsindəki rəqibi bruneyli Adam Batırov olacaq.