Azərbaycan Premyer Liqasında V tur başa çatıb.
Unikal.org xəbər verir ki, turun son günündə “Zirə” “Qarabağ”ı qəbul edib.
Son illərin dəyişməz çempionu paytaxt təmsilçisi ilə qarşılaşmaya da fəal başlayıb. İlk 4 turda quruhesablı qələbələri sıralayan Qurban Qurbanovun yetirmələri qələbə seriyasını bu dəfə də davam etdirib.
Matçın taleyini ilk yarıda həll edən ağdamlılar fasiləyə üç top öndə yollanıb. Maqaye Qeye və Xayme Romeronun qollarından sonra meydan sahibləri də avtoqola üzülüblər. Bu, “Zirə”nin mövsümdə ikinci belə uğursuzluğu olub. Fasilədən sonra bakılılar fərqi azaltmağa müvəffəq olublar. Bu, “Qarabağ”ın cari mövsümdə buraxdığı ilk top olub. Buna baxmayaraq, “Qarabağ” ardıcıl 5-ci qələbəsini əldə edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Sabah”a qalib gəlib (1:0), digər iki matçda heç-heçə qeydə alınıb. “Səbail” “Qəbələ” ilə 1:1, “Neftçi” “Keşlə”ylə 0:0 hesablı bərabərliyə imza atıb.