Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobili, eləcə də zərərçəkmişə məxsus 1 ton arpanı oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.