Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb.
Unikal.org news24.az-a istinadən xəbər verir ki, Aynurə xanım Nərminin 47 gün o evdə saxlanılmasından ailənin xəbərdar olduğunu bildirib:
"Qatilin özü yoldaşımın sinif yoldaşı olub, atası yoldaşımın müəllimi olub, dərs keçib. Biz heç inanmırıq, Allah haqqı şokdayıq ki, elə bir ailədən elə bir uşaq çıxarmı? Saatlarla, dəqiqələr yoldaşımla evin qabağında oturub söhbət ediblər. Qızım yandırılan günü onun əmisi oğlu Murad mənə təsəlli verib, hələ çıxarıb pul da verib.
Bütün ailə bilirmiş. Hələ mənim qızım oradan qaçanda qonşular eşidib, heç kimə xəbər etməyiblər. Qaçanda tutub qaytarıblar. Anası da bilirdi, bacıları da. Necə yəni, oğlun bomboş evə çıxır, soruşmadınmı niyə çıxırsan? Pampers alıb çıxır, bəs demirsən ki, ay oğul, evdə çağamız yox, körpəmiz yox, o pampers niyə almısan?
Deyirlər ki, anası bilir, mənim uşağımı evə anası salıb, oğlu da yuxarıda buz kimi yerdə saxlayıb. Deyilənə görə, televizoru da yuxarı evə çıxarıbmış.
Onun fikri böyük qızımı aparmaq olub, ayılanda görüb ki, o qız deyil. Deyirlər ki, qatil xəstə uşaqdı. Xəstədirsə, niyə özləri nəzarət etmirdi, niyə öz bacısı-qardaşı uşaqlarına elə etmədi?
Öldürmüşdün, qoyaydın gözəlliyini özüylə aparardı, balamı niyə yandırdın? Düz qapımın ağzında yandırdın. Sən bu uşağa günlərlə zülm etdin, yandıranda Allahdan qorxmadınmı?
Hər tərəfim düşməndir, sağım düşmən, solum düşmən, hər addımım düşmən. Ona elə bir ölüm verilsin ki, mənim balamın günlərlə çəkdiyi əzabları o da yaşasın, mən də rahatlanım".