Ərəb Parlamentlərarası Birliyi (APU) ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib.
Unikal.org Petra informasiya agentliyinə istinadla xəbər verir ki, APU-nun İordaniyanın paytaxtı Əmmanda keçirilən 30-cu növbədənkənar sessiyasında 20 iştirakçı ölkə Donald Trampın Fələstinlə bağlı təkliflərinin əleyhinə səs verib.
Sessiyaya sədrlik edən iordaniyalı deputat Atif Təravneh bildirib ki, ərəb dünyasının Fələstinlə həmrəylik nümayiş etdirməsi məqsədilə vahid etiraz cəbhəsi yaradılmalıdır. O, ABŞ-ın planının qəbuledilməz olduğunu əlavə edib.
Ərəb ölkələrinin qanunvericiləri qeyd ediblər ki, bölgədə Fələstin xalqının razılığı olmadan münaqişənin heç bir nizamlama variantını həyata keçirmək mümkün deyil. Belə ki, məqbul yol Fələstinin 1967-ci ildən əvvəlki sərhədlər daxilində və paytaxtı Şərqi Qüds olmaqla dövlət qurmasıdır.
İordaniyanın Baş Naziri Ömər Rəzzaz çıxışında bildirib ki, bölgədəki hazırkı vəziyyət ərəb dövlətlərinin daimi koordinasiyasını tələb edir.
Küveyt Parlamentinin sədri Merzuk Əli əl-Qənim ABŞ-ın hazırladığı sözdə sülh planının ölü doğulduğunu söylədi və plan mətninin nüsxəsini cırıb, zibil yeşiyinə atdı.