Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RXSM) Azərbaycanda gün ərzində baş verən zəlzələlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, gün ərzində qeydə alınan zəlzələlər zəif olub:

"Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb. ( ml=3.8), bir neçə dəqiqə əvvəl Lənkəran Lerik sərhəddində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub.

Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran Lerik sərhəddində 10 kilometrdir. Nəzərə almaq lazımdır ki, hər iki seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür".