Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün akademikin əbədiyyətə qovuşmasından 35 il keçir. Ömür vəfa etsəydi, dünya elmi, ictimai fikir tarixi, insanlıq bu parlaq alimin yaradıcı istedadından, nəcib şəxsiyyətindən hələ nələri əxz edərdi. Onun şəfalı əlləri nə qədər insana dünya işığını yenidən bağışlayardı. Amma neyləməli ki, bu həyatda hər kəsin bəlli bir qisməti var... Yaddaşlarda yaşamaq isə əbədi ömür qazanmaqdır. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası, dəst-xətti ilə seçilən şəxsiyyətlərdən olan Zərifə Əziz qızı Əliyevanın adı əbədiyyət ünvanında həmişəlik qərar tutub. O, həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib.
Həyat uğurları
Akademik Zərifə Əliyevanın ömür yolunun ayrı-ayrı səhifələrinə nəzər saldıqca həyatının hər sətri bizə görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin adına, ocağına layiq övladın, fədakar ananın, ömür-gün yoldaşının, insana xas ən ali keyfiyyətləri şəxsiyyətində bir araya gətirmiş əsl Azərbaycan qadınının, xalqını, vətənini canı qədər sevən gözəl ziyalının, təbabət elminə böyük töhfələr vermiş, yüzlərlə insanın gözlərinə işıq bəxş etmiş dünya şöhrətli oftalmoloq-alimin həyat hekayəsindən danışır.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində - görkəmli dövlət və elm xadimi, Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Cəmiyyət üçün layiqli insan kimi yetişməsində, peşə seçiminin düzgün müəyyənləşməsində boya-başa çatdığı ziyalı mühitinin təsiri böyük idi. Bu da təbii bir qanunauyğunluqdur. Çünki hər bir insan xarakterinin öz məntiqi var, deyirlər. Ailənin təsiri, dəyərləri hər kəsin taleyində mühüm rol oynayır. Zərifə xanımın da daxilindəki bu təsirlər, dəyərlər çox möhkəm və güclü idi. Ailələrinin, atasının cəmiyyətdəki mövqeyi yüksək olduğu kimi, o da məktəb illərindən müstəqil şəxsiyyət kimi düşünür və öz gələcək həyatına ciddi yanaşırdı. Axı, ailə insanın sosial statusunu həmişəlik müəyyən etmir. Həyatın bəzən amansız sınaqlarında hər kəs öz iradəsinin gücündən, qüvvəsindən istifadə etməli olur. Zərifə xanım da gəncliyindən özünün ən yaxşı keyfiyyətlərinə əsaslanmağa çalışırdı. Digər tərəfdən, atasının nümunəsi, az qala əsgər həyatı yaşaması onun gözünün qarşısında idi. Onların zamanı belə idi: güzəştsiz, tələbkar, hədsiz məsuliyyət tələb edən bir zəmanə.
Zərifə xanım orta məktəb illərindən tibb sahəsinə maraq göstərərək insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçmişdi. Oftalmologiya ixtisasına bağlılığı həm də onun daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətindən irəli gəlirdi. Sonralar peşəsində qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı oldu. Xəstələrini doğmalarından ayırmadı, insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün əlindən gələni əsirgəmədi. İstedad, zəhmət və ağılla qazanılan uğurlu illər getdikcə zənginləşir və ondan bütün cəmiyyətə pay düşürdü. Zərifə xanım Əliyeva da həyat uğurlarına bu keyfiyyətləri sayəsində nail olmuşdu.
Fasiləsiz yüksəliş illəri
Zərifə xanım orta məktəbi bitirəndə 1942-ci il idi. Cəbhədə sovet ordusu bir-birinin ardınca uğursuzluqlara düçar olurdu. Atası da daim əsgər şinelində idi, evdə onun üzünə həsrət idilər. Dövlət onu hara yollayırdısa gedirdi, əlindən gələni əsirgəmirdi. Zərifə də zamana, atasına layıq olmalı idi. Onda ikinci dünya müharibəsi bir il idi ki, başlamışdı. Bakıdakı bir çox binalar hospitala çevrilmişdi. Bu hospitallar cəbhədə ağır yaralanmış döyüşçülərlə dolu idi. Onların müalicəsi üçün bəzən tibbi kadrlar çatışmırdı. Tibb sahəsindən müəyyən anlayışı olan insanlar vaxt tapdıqca hospitallarda ictimai əsaslarla çalışmağı özlərinə borc bilirdilər. Hələ orta məktəbin son sinfində ikən Zərifə xanım da dərslərdən sonra rəfiqələri ilə evlərinin yaxınlığındakı hospitallara gedər, həkimlərə, digər tibb işçilərinə bacardıqları dəstəyi göstərər, yaralıların uzaqlardakı doğmalarına məktub yazmalarına kömək edər, onlara mənəvi dayaq olmağa çalışardılar. Gənc qızın həkimlik sənətini seçməsində, görünür, onun bu sənətin başqalarının həyat və sağlamlığı üçün nə qədər böyük önəm daşıdığını bir daha dərk etdiyi o çətin günlərin də böyük rolu olmuşdu.
Nəhayət, ağır və mürəkkəb bir dövrdə orta məktəbi uğurla başa vurdu, yüksək bilik toplamağa can atdı. Nəticə də onun zəhmətinə görə oldu: 1942-ci ilin yayında imtahanları uğurla verib Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə daxil oldu.
Müharibə də ağır bir sınaq idi: acıları, amansız qayda və tələbləri ilə. Bunların hamısına dözmək lazım idi, stalinizmin total nəzarətinə də həmçinin. Belə şəraitdə büdrəmək, gileylənmək qadağan idi, bəlkə də nümunə olmaq lazım idi. Onları böyüdən anaları Leyla xanım bunu həmişə deyirdi. Müdrik, zəhmətkeş, əsl xalq adamı olan anaları hər şeyi nəzarətdə saxlayırdı. 1941-1945-ci illər müharibəsinin ən çətin günlərində bu ailənin qapısı əzizlərinin, tanış və qohumların, tələbə yoldaşlarının üzünə həmişə açıq idi.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha artıq praktik biliklərə yiyələnmək üçün Moskvaya, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi. Bu gedişin daha bir məqsədi var idi: Azərbaycanı bürümüş traxoma epidemiyası! Ölkəyə məhz bu yöndə ixtisaslı həkimlər çox lazım idi. Zərifə xanım isə müalicə fakültəsini bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də var idi və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu.
1947-ci ilin Moskva dövrü gənc mütəxəssis üçün yeni bir aləm oldu. Müharibədən sonra insanlarda daha böyük həyat eşqi vardı. Hər yanda tikinti və bərpa işləri gedirdi. Ölkədə müasir biliklərin əhəmiyyəti düzgün təyin edilmişdi. İnsanlar metroda belə, əli kitablı idilər, fürsət düşən kimi hamı kitab oxuyurdu. Ən başlıcası, insanlar arasında səmimiyyət, sabaha inam və ümid var idi. Müharibədən qalib çıxmış ölkədə belə də olmalı idi. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Bir də göz cərrahiyyəsinin sürətli inkişafı onun nəzərindən yayınmadı. Müharibə tibbin cərrahiyyə sahəsinə böyük təkan vermişdi, ağlasığmaz əməliyyatlar həyata keçirilirdi. Professorlardan biri demişdi ki, cərrahiyyə - müharibələrdən doğmadır. Həqiqətən müharibədən sonra tibbin, xüsusilə cərrahiyyənin misilsiz inkişafı bunun əyani təsdiqi idi.
Zərifə xanım Moskvada iki il yaşadı, elmi işçi kimi püxtələşdi. Özünə elmi mühitdə çoxlu dostlar tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular, onun barəsində məqalələr və səmimiyyət dolu xatirələr yazdılar. Məhz Moskvada Zərifə xanım həyatın və elmin çətin yoluna çıxdı. Bu, böyük həyat, fasiləsiz yüksəliş yolu idi.
Azərbaycanda traxomanın ləğvi onun adı ilə bağlıdır
1949-cu ildə Bakıya qayıdanda Zərifə Əliyeva artıq yüksək ixtisaslı göz həkimi idi. Onu Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna elmi işçi göndərdilər. Bu, ürəyindəki arzulara daha uyğun idi: göz xəstəlikləri üzrə elmi tədqiqatlar aparmaq. Azərbaycanda traxoma virusunun qarşısını almaq və sonra isə onun kökünü kəsmək həm praktik, həm də fundamental araşdırmaların kəsişdiyi yerdə həyata keçə bilərdi. Ona görə Zərifə xanım aspiranturaya hazırlaşmağa başladı. Zamanı gələndə sənədlərini verib imtahanlarda iştirak etdi. 1950-ci ildə əla qiymətlərlə aspiranturaya daxil oldu. Namizədlik mövzusu kimi traxoma xəstəliyinin və epidemiyalarının müalicəsi və profilaktikası məsələlərini seçdi.
O, bilirdi ki, 1941-1945-ci illər müharibəsindən əvvəl Azərbaycanda tüğyan edən traxoma xəstəliyinin qarşısını almaq üçün təşkil edilmiş xüsusi səhiyyə işçiləri komissiyasına atası Əziz Əliyev rəhbərlik etmişdi. Doğrudur, o vaxtlar bu komissiya çox fədakar işlər aparmış və Azərbaycanda traxoma epidemiyasının yayılmasının qarşısı alınmışdı. Lakin İkinci Dünya müharibəsindən sonrakı illərdə xəstəlik Azərbaycanda yenidən baş qaldırır, ağır fəsadlar törədərək insanlarda görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb olur. Həkimlərin qarşısında sosial dillema kimi dayanan bu problem gənc alimi ciddi narahat edir. O, belə patologiyalardan əzab çəkənlərə ixtisaslaşmış həkim yardımı göstərmək məqsədilə bütün imkanlarını səfərbərliyə alır. O dövrdə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, nəticədə 80 milyon insan görmə qabiliyyətini itirmişdi. Çünki bu xəstəliyin müalicəsinə güclü təsir göstərəcək dərman preparatları hələ mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış, iqtisadi-siyasi durumu qənaətbəxş olmayan ölkənin ümumi vəziyyətinin nikbin qiymətləndirilməsinə əsas verən stimul da yox idi. Belə problemlərlə üzləşən gənc tədqiqatçı ruhdan düşməyərək axtarışlarını davam etdirir, traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı həyata keçirməyə başlayır.
Zərifə Əliyeva traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, məsləhətlər verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər aparır. Alim traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən olan sintomitsindən istifadə ilə yeni müalicə üsulu tətbiq edib uğurlu nəticələrə nail olur. Dəyərli elmi kəşflərdən sayılan bu üsulun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranır, xəstəliyin yayılmasının qarşısı alınır, bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxarır. Beləliklə, Zərifə xanımın fədakar əməyi sayəsində yerinə yetirilən tibbi tədbirlər insanların dünya işığından məhrum qalmalarının, iş qabiliyyətini itirmələrinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşmələrinin qarşısını alır. Yalnız bundan sonra gənc alim 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusu üzrə dissertasiyasını müdafiə edir və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür. Apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə görkəmli həkim daim elmi ictimaiyyətin diqqət mərkəzində olur. 1960-1967-ci illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq bu sahənin inkişafına böyük töhfələr verir.
Elm fədaisi
Zərifə Əliyeva ölkə əhalisi arasında göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkir. Alim yalnız ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Şirvan, Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini aşkar edir, həm onların müalicəsinə, iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirir. Bu müəssisələrdə ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərir. Bununla da Zərifə xanım Əliyeva peşə amillərinin törətdiyi göz xəstəliklərinin və bütövlükdə orqanizmi tam şəkildə müalicə edərkən təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin bacarıqlı alim-ekoloq kimi də şöhrət qazanır. Zərifə xanım ölkəmizdə həm oftalmologiyanın peşə etiologiyalı xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının, həm də ekoloji təmizlik ideyasının əsasını qoyur, bu ideyanın praktik səhiyyədə həyata keçirilməsinə nail olur.
Görkəmli alim yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. O, 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Göz xəstəlikləri kafedrasında əvvəlcə dosent, sonra professor, daha sonra həmin kafedranın müdiri vəzifəsini yüksək səviyyədə yerinə yetirərək həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaradırdı. Alimin apardığı mühazirə və təcrübə məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.
Zərifə xanım ADHTİ-də çalışarkən peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin Zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində, Mingəçevir “İzolit” və rezin-texnika məmulatı zavodlarında, Gəncə Gil-torpaq Kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənir, zərərli peşələrin törətdiyi göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandıraraq onların qarşısını almaq üçün əməli tədbirlər görür. Dünya şöhrətli alim bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl araşdırır, profilaktik, diaqnostik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaradır.
Alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini verir və o, bu mövzuda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilir və qısa müddətdə bu elmi adın təsdiq edilməsi onun gənc kadrların hazırlığı istiqamətində gördüyü işlərin yeni mərhələsinin başlanmasına zəmin yaradır.
Hamı onun elmi məktəbindən bəhrələnir
1976-cı ildə Zərifə Əliyeva Q.Helmqolts adına Moskva Dövlət Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edirdi. O zaman mən ulu öndər Heydər Əliyevin gənclərin təhsilinə göstərdiyi qayğıdan bəhrələnərək SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasında təhsil alırdım. Namizədlik dissertasiyası müdafiə etməyə hazırlaşırdım. Bizimlə birlikdə hazırda Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əziz oğlu Əliyev də doktoranturada təhsil alırdı, bir-birimizlə sıx əlaqə saxlayırdıq.
Həmin dövrdə Zərifə xanımın vətəndən uzaqlarda çox dəyərli bir mövzuda doktorluq dissertasiyası müdafiə etməsi Moskvada tibb elmi sahəsində çalışan bütün azərbaycanlı həkimləri, elmi işçiləri ürəkdən sevindirirdi. Onun müdafiə zamanı etdiyi parlaq çıxışı, opponentlərin və iştirakçıların suallarına verdiyi məntiqli, dolğun cavabları Rusiyanın paytaxtında oftalmologiya sahəsinin beynəlxalq aləmdə tanınan alimlərini də məftun etmişdi. Oftalmologiya üzrə keçmiş Sovetlər İttifaqı məkanından kənar ölkələrdə də böyük nüfuz sahibi olan rus alimlərindən Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.V.Trutneva, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.R.Nesterov, Oftalmologiya və Radiologiya Mərkəzinin rəhbəri, Dövlət mükafatı laureatı, professor A.F.Brovkina və başqaları Zərifə Əliyevanın doktorluq dissertasiyası işinin nəticələrini yüksək qiymətləndirərək bu əsərin dünya oftalmologiya elmində yeni yollar, istiqamətlər açdığını, böyük ideyalara başlanğıc verdiyini, yeni ruhlu və düşüncəli həkim-oftalmoloqların yetişəcəyinə zəmin yaratdığını məmnunluq hissi ilə qeyd etmişdilər. Bu, Zərifə Əliyevanın simasında Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət idi. Böyük alimin elmin çətin yollarından məharətlə keçərək dünya şöhrəti qazanması biz gənclərə örnək oldu. Zərifə xanımın elmi-tədqiqat işlərinin Moskva alimlərinin təsəvvüründə yaratdığı müsbət rezonans Azərbaycan elminin SSRİ dövründəki inkişafının dayaq nöqtəsinə çevrildi. Xüsusilə də biz gənclər üçün vətəndən uzaqlarda bu, olduqca vacib və zəruri idi, bizə stimul verirdi.
Görkəmli alimin elmi məktəbi azərbaycanlı gənclərin hər birinin çalışmalarında əvəzsiz rol oynayırdı. Hamı bu məktəbdən mənəvi qida alırdı. Hadisələrin təhlili göstərirdi ki, Zərifə xanım ilk növbədə dövrün, zamanın nəbzini tutmağı bacarıb, millətinin sağlamlığının qorunması kimi qlobal məsələləri ön plana çəkib. Yeni mövzu götürərkən bunu dissertasiya müdafiə etmək xatirinə yerinə yetirməyib. Elmin yollarında yüksələn xətlə inamla irəliləyib. Alimin bütün elmi-tədqiqat işlərinin bünövrəsində millilik və xəlqilik, vətənpərvərlik və insansevərlik dayanırdı. Böyük alim milli dəyərlərə, milli münasibətlərə, sosial ehtiyaclara söykənərək insanlara bu sahələrdə daha çox lazım olan istiqamətləri seçib və həmin istiqamətlərdə elmi-tədqiqat işləri aparıb. Onun işlədiyi mövzuların məğzində həm də dövlət əhəmiyyətli məsələlər dururdu.
Yüksək mükafat
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin - mükəmməl təşkilatçılıq bacarığının üzə çıxmasına imkan yaradır. Plenumun işində SSRİ-nin bütün bölgələrindən dəvət olunmuş mütəxəssis-oftalmoloq alimlərin iştirakı təmin olunur. Möhtəşəm elmi məclisdə Zərifə Əliyeva respublikada görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında təklif irəli sürür və iştirakçılar yekdilliklə bu təklifi müdafiə edir. 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriya yaradılır. Üç şöbədən ibarət olan laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirilir, ölkəmizdə görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrilir. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilir. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanır, geniş tətbiq edilir. Alimin elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində dolğun əksini tapır.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş verir. Moskvadan alınan xəbərdə qeyd edilir ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq-alimlər alırdılar. Azərbaycan aliminin belə nüfuzlu mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratdı. Moskvadan alınan xoş xəbər Zərifə xanımın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, respublika səhiyyəsinin yollarını nura qərq edir. Bir faktı da qeyd edək ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın oftalmoloq-alim idi.
Görkəmli alim 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı uğurlara, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Bu sahədə də Zərifə xanım Əliyeva həqiqi üzv seçilmiş ilk alim-oftalmoloq idi.
Dəyərli əsərlərin müəllifi
Akademikin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr edib. Alimin “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivitləri” və s. əsərləri bu qəbildəndir.
Zərifə Əliyevanın elmi tədqiqatlarının bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün yaşla əlaqədar dəyişiklikləri və görmə-sinir yolları” adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” və digər əsərləri isə daktriologiyaya həsr edilib. Dünya şöhrətli alimin qələmə aldığı fundamental “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və s. kitabları hər zaman oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdir.
Alim elm və texnologiyaların etikası və həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Qələmə aldığı “Yüksək etimad” kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların həkim, şəxsiyyət kimi formalaşmalarında ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər olaraq qalacaq, aktuallığını heç vaxt itirməyəcək.
Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. Akademik onlarla elmlər doktoru və elmlər namizədinin rəhbəri və məsləhətçisi olub, böyük bir elmi məktəb yaradıb. Görkəmli alim elmdə əldə etdiyi nailiyyətlərə, həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Xoşbəxtlik formulu
Bütün yüksək elmi titullarına, uzun illər boyu cəmiyyədə daşıdığı yüksək statusa rəğmən Zərifə xanım sadəliyi, təvazökarlığı həmişə qoruyurdu. O, insanlara təmənnəsız yaxşılıqlar etməyi, kömək göstərməyi hər zaman özünə mənəvi borc bilirdi. Bu mənada Zərifə xanım Əliyeva elm üçün gözəl tədqiqatçı, ümummilli lider Heydər Əliyev üçün ləyaqətli ömür-gün yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə, həmvətənlərindən ötrü isə əsl insanlıq mücəssiməsi idi.
Ulu Öndər vaxtsız itirdiyi ömür-gün yoldaşını belə xatırlayırdı:
“...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi...”.
O, bütün ömrü boyu kamilliyə can atmışdı. Bu isə düşünən insan üçün ən vacib xüsusiyyətlərdəndir. Düşüncə kamilliyi bir qayda olaraq əxlaqla peşə dünyagörüşünün dialektik vəhdətindən yaranır. Zərifə xanımın yüksək intellektual mövqeyini şərtləndirən ən əsas məqamlardan biri də elə bundan ibarət idi. Bu nəcib insan tibbi praktikada daim əxlaqi dəyərlərə böyük üstünlük verir, bu dəyəri gənc yetirmələrinə də təlqin edirdi.
Zərifə xanım xarakterinin nəcib xüsusiyyətlərini böyüdüb tərbiyələndirdiyi övladlarına da aşılamışdı. 2013-cü ildə Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanımın böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq bütün işlərdə ona dayaq olduğunu, dəstəklədiyini xatırlatdı: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır... Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq – bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi”.
Azərbaycan Prezidentinin qeyd etdiyi bütün bu xüsusiyyətləri, insanlara qayğını, başqalarına təmənnasız yaxşılıq hissini, xeyir əməllər sahibi olmağı bu gün həm cənab İlham Əliyevin fəaliyyətində, həm ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın yerinə yetirdiyi missiyada, həm də onların övladlarının xoş əməllərində görmək çox qürurverici bir hissdir.
Üç böyük tarixi şəxsiyyətin həyatında izi olan Zərifə xanım ən çox ailə və övlad dəyərləri ilə yaşadı. Bir də insanlara dünya işığı verən həkim sənətini zirvələrə ucaltdı. Görkəmli alimin irsi, arzu və idealları uğurla davam etdirilir.