Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri - Respublikanın baş dövlət baytarlıq müfəttişi, baytarlıq üzrə f.d., dosent Qalib Əbdüləliyevin “COVİD-19 virusunun yayılmasında heyvanların və ətraf mühitin rolu” adlı elmi məqalə hazırlayıb. 

Unikal.org həmin məqaləni təqdim edir:

"Covid-19 pandemiyası 2019-cu ilin dekabrında Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində vəhşi  heyvanlar, onların məhsulları  və dəniz məhsullarının bazarında çalışan adamlarda aşkar edilmiş mənşəyi məlum olmayan pnevmoniya ilə başlayıb. 2020-ci ilin 11 fevral tarixində virusun genetik quruluşu öyrənildikdən sonra onun SARS-CoV virusu ilə uyğunluğu aşkar olunmuş və  xəstəliyə COVİD-19 virus xəstəliyi adı verilib.

Virusun inkubasiya dövrünün uzun olması (2-14 gün və daha çox) və yoluxmuş insanların xəstəliyin simptomları meydana gəlmədən də başqalarını yoluxdura bilməsi xəstəliklə mübarizəni çətinləşdirən amil kimi qiymətləndirilir.

Koronavirusların müxtəlif heyvanlarda və quşlarda xəstəlik törətməsi 1930-cu illərdən elmə məlum oub, ancaq virusun taksonomiyası 1968-ci ildə müəyyənləşdirilib. Koronaviruslar ailəsi nisbətən az tədqiq olunmuş virus növlərindən hesab olunur. Ailəyə aid viruslar heyvan mənşəli olmaqla özündə qırxdan çox virus növünü birləşdirir. Bu viruslar üçün asan mutasiya etmək (irsi quruluşunu və  xüsusiyyətlərini dəyişmək) qabiliyyəti səciyyəvidir. Viruslar insanlarda respirator, heyvanlarda isə tənəffüs, mədə-bağırsaq, çoxalma və ifrazat orqanlarında kəskin pozuntuların yaranmasına səbəb olur. Virus yoluxmadan 6-15 saat sonra çoxalmağa başlayır və sahib hüceyrəni parçaladıqdan sonra ondan xaric olur.

İnsanların koronavirusu 1965-ci ildə kəşf olunsa da, 2002-2003-cü illərdə atipik pnevmoniya baş verənə qədər diqqəti cəlb etməyib, infeksiyanın törədicisi kimi SARS-CoV virusu təyin edilib. Növbəti epidemiya 2012-ci ildə baş verib və bu vaxt MERS-CoV virusu aşkar edilib. Hazırkı epidemiya isə coğrafiyasına görə daha geniş yayılaraq pandemiya həddinə çatıb. Pandemiyanın törədicisi COVİD-19 virusudur ki, bununla da virusa aid irsi xüsusiyyətlərin asanlıqla dəyişməsi bir daha özünü biruzə verib. Virus səyahət edən insanlar vasitəsilə dünyaya yayılıb. 

Son dövrlərdə yayılmış koronavirus infeksiyalarından SARS-CoV-1 və MERS-CoV epidemiyalarının heyvan mənşəli viruslar vasitəsilə törədildiyi tamlıqla sübut olunub. Ancaq hazırkı COVİD-19 infeksiyasının heyvan mənşəli viruslar tərəfindən törədilməsinə dair ciddi şübhələr olsa da, hələlik, bu şübhələr öz elmi təsdiqini tapmayıb. İnfeksiya xəstəlik törədicisi olan virusun insandan insana keçməsi yolu ilə pandemiya həddinə çatıb. Pandemiyanın gedişi dövründə ev şəraitində saxlanan pişikdə və itdə, həmçinin zooparkda saxlanan pələngdə və şirdə COVİD-19 virusu aşkar edilib ki, bu da insanlarda olan infeksiyanın heyvanlara keçməsi ehtimalını meydana çıxarır.

2018-ci ildə aparılmış tədqiqatlarda Yuhan əyalətinin əhalisində  Bat-CoV virusuna görə 2,9% seroprevalentlik səviyyəsi aşkar edilib. Bu isə Çənubi Asiyada milyonlarla insanın potensial risk qrupuna aid olması ehtimalını doğurur. Çinin Yuhan (Yunnan) əyalətində  izolə edilən koronavirus ştammı genomunun (2b bat-CoV) 96.2%-i Rinolophus affinis yarasalarına aid olub. Bu genom SARS və MERS viruslarının genomları ilə homoloji struktura malikdir (mənbə- ÜST. Qlobal Tədqiqatlar Yol Xəritəsi).

Alimlərin qənaətinə görə Çində başlayan epidemiyanın ilk ocağından virusun yayılmasına yarasalar səbəb olub. Ehtimal olunur ki, virusun yarasalardan insanlara keçməsində gəmiricilər (gəlincik və s.) və pişiklər aralıq sahib rolunu oynaya bilər.  Ancaq faktik halda – Çinin Uhan şəhərindəki vəhşi heyvanlar, onların məhsulları, habelə balıq və dəniz məhsulları satılan bazardan yayılmış epidemiyada panqolin adlı heyvanın rolunun olmasına daha çox şübhə vardır. Bu heyvanlar pulcuqlu dəriyə malik yeganə məməli heyvandır. Panqolinlər nəsli kəsilməkdə olan heyvanların siyahısına daxildir. Onlar  əti və ya dərisinə görə qanunsuz şəkildə ovlanırlar. 

COVİD-19 pandemiyasında  zoonoz infeksiyaların yayılmasının başqa xüsusiyyəti meydana çıxıb. İndiki halda infeksiyanın törədicisi məhsul vasitəsilə heyvandan insana keçdiyi kimi, insandan da əhatədə olan həssas heyvanların yoluxması baş verib. Belə ki, Honq Konqda yoluxan it və pişiklər xəstəliyə yoluxmuş insana məxsus olub, ABŞ-da isə zoopark heyvanları (pələng və şir) COVİD-19  testində müsbət nəticə göstərmiş xidmətçi ilə təmasda olub. Epidemiyanın bu cür gedişi onunla mübarizədə “vahid sağlamlıq” konsepsiyasının tətbiq edilməsi zərurətini yaradır. Bu konsepsiya insan, heyvan, bitki və ətraf mühit əlaqəsini kompleks şəkildə əhatə etməklə xəstəliklərin qarşısının alınmasını özündə ehtiva edir ki, burada xəstəlik törədicilərinin ətraf mühitdə və vəhşi təbiətdə dövr etməsi, onun  heyvandan insana və ya əksinə keçməsi amili əsas rol oynayır.

Pişiklərdə koronavirus infeksiyasının tədqiqi göstərib ki, pişiklər xəstəliyə yoluxa və xəstəliyi öz növünə aid başqa heyvanlara ötürə bilir. Koronaviruslar pişiklərdə  epizootik kataral enterit və sistem sindromu xəstəliklərini törədir. İnsanların pişikdən yoluxma ehtimalı çox aşağıdır, çünki pişiklərdə qısa müddətdə antitellər əmələ gəlir və onlar yoluxdurucu statusundan çıxırlar. Bunula belə, pişiklər də risk qrupuna daxildir və məsləhət görülür ki, karantin müddətində onlar da küçəyə sərbəst buraxılmasın. Həmçinin, sevimli heyvanı sığallayıb- tumarladıqdan sonra əllər yuyulsun.

Coronaviridae ailəsinə aid viruslar itlərdə koronaviruslu bağırsaq infeksiyası xəstəliyini törədir. İtlərdə koronavirusun yoluxması və inkişafı, habelə digər itləri yoluxdurması pişiklərə nisbətən zəif gedir. Tədqiqatçılar məsləhət bilirlər ki, xəstəlik mövcud olduğu hallarda sağlam itləri gəzintiyə və məşqlərə çıxarmaq olar.  Nəzərə almaq lazımdır ki, xəstəliyin simptomları müşahidə olumasa da, nəfəs və təbii ifrazat vasitəsilə viruslar yayıla bilir.

Donuzlar da itlərdə olduğu kimi başqa növ heyvanların xəstəliyə yoluxdurulmasında və onun yayılmasında daha az rola malikdir. Sözügedən virus donuzlarda infeksion qastroenterit, epidemik diareya və ensefalomielit xəstəliklərini törədir.

  Coronaviridae ailəsinin virusları quşlarda infeksion bronxit xəstəliyini törədir. Xəstəlik ciddi iqtisadi ziyana səbəb olur və infeksiyanın profilaktik tədbiri kimi peyvəndləmə tətbiq edilir. Onun insanlara keçməsi halına rast gəlinməyib. Ancaq eksperimental olaraq Macaca-rhesus meymunlarını və yarasaları xəstəliyə yoluxdurmaq mümkün olub.

Ümumdünya heyvan sağlamlığı təşkilatının məlumatlarına əsasən, Çinin baytarlıq departamenti 2019-cu ilin sonlarında donuz, quş, it və digər ev heyvanlarından nümunələr götürərək koronaviruslara görə analiz edib və bütün hallarda neqativ nəticələr alınıb. Bu dövrdə planlı-profilaktik tədbir kimi koronavirus mənşəli heyvan xəstəliklərinin monitorinqi aparılmış, nəticədə isə xəstəlik halları aşkarlanmayıb.

“Vahid sağlamlıq” konsepsiyasına görə koronaviruslardan qorunmaq üçün aşağıdakı məsələlər diqqət mərkəzində saxlanmalıdır;

Elmə məlum olan koronaviruslar yüksək temperatura davamsız, mənfi temperatura isə davamlıdırlar. -200S temperaturda koronaviruslar öz virulentliyini (yoluxdurma qabiliyyətini) iki ilə qədər saxlaya bilir.
İnsan və ya heyvan orqanizminə keçməyən virusun quru səthlərdə yaşama ehtimalı aşağı olsa da, temperatur və nəmlikdən asılı olaraq viruslar bu şəraitdə müəyyən qədər virulent formada qalır. Tədqiqatlar göstərir ki, koronaviruslar,  kağız üzərində 3 saat, şüşə üzərində və pul əskinaslarında 4 gün, ağac və paltar üzərində 2 gün, metal və plastik üzərində 7 gün yaşaya bilir. Bu müddətlər havanın temperaturunun + 220S və nəmliyinin 65% olduğu şərait üzrədir.
Əşyaların və ərzaqların qablaşdırılmasında karton materiallara üstünlük vermək lazımdır. Çünki, karton üzərində virus nisbətən az- otaq temperaturunda 24 saata qədər, soyuducudakı plastik və metal qabların üzərində isə həftələrlə öz virulentliyini saxlayır. Ona görə də, bu cür materiallardan hazırlanmış qablar yuyularaq dezinfeksiya edilməlidir. 

Restoran və kafe kimi ictimai – iaşə müəssisələrində gigiyenik tələblərə əməl etmək lazımdır. Nəzəri olaraq demək olar ki, hava-damcı yolu ilə yayılan bütün infeksiyalar kimi, COVİD-19 da yoluxmuş adamın asqırması və öskürməsi qabları və yeməkxana alətlərini yoluxdur bilər. Ancaq bu hal, praktikada hələlik rast gəlinməyib (mənbə-Almaniyanın risklərin qiymətləndirilməsi üzrə Federal Müəssisəsi).

Kvars lampaları vasitəsilə yaradılan, həmçinin günəş işığının tərkibindəki ultrabənövşəyi şüalar koronaviruslara öldürücü təsir göstərir.
İnfeksiya yaymaq baxımından sağlam heyvandan alınmış və dəqiq kulinar emaldan keçmiş ət, bütün hallarda olduğu kimi, qidalanma üçün zərərsizdir. Ancaq, xəstə və ya naməlum səbəbdən ölmüş vəhşi və ev heyvanlarının ətinin daşınması, doğranması, hissələrə bölünməsi, bişirilməsi və qida kimi qəbulu tövsiyə edilmir. Vəhşi heyvanların ətinin çiy və ya zəif bişirilmiş formada qəbulu təhlükəlidir. Bu heyvanların əti və ya tərkibində onların qanı olan qidaların etibarlı kulinar emaldan (bişirilmədən) keçmədən qəbulu insanların infeksion xəstəliklərə yoluxmasına səbəb ola bilər.

Qeyri-tipik xəstəlik halları və heyvan tələfatı barədə dərhal baytarlıq təşkilatlarına məlumat vermək lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, COVİD-19 virusu dünyanın 213 ölkəsində 1,7 milyondan çox insana yoluxub. Yuxarıda qeyd edildiyi kimi, virusun yayılmasında insanların biri-biri ilə təması və səyahətlər əsas rol oynayıb. Ona görə də dünyanın bütün ölkələrində sosial karantin tədbirləri tətbiq edilir. Hər bir insan özünü, ailəsini və ünsiyyətdə olduğu bütün adamları qorumaq, çox ciddi sosial və iqtisadi problemlər yaradan pandemiya ilə mübarizə təşəbbüslərinə qoşulmaq üçün tətbiq edilən karantin tədbirlərinə əməl etməlidir".