Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərovla birgə aztəminatlı ailələr və tənha ahıl şəxslərin evlərinə baş çəkib. Xəbər verdiyimiz kimi, Gəncədə sözügedən şəxslərə yardım aksiyası həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiyada Niyazi Bayramov və Gəncədən olan Millət vəkilləri də yaxından iştirak edirlər.
Unikal.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov tənha ahıl şəxslərin, habelə yaşayış gəlirləri aşağı olan ailələrin evlərində olub, onların sosial problemləri ilə maraqlanıblar. Sözügedən şəxslərlə profilaktik söhbət aparılıb, onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha xatırladılıb. Həmçinin bildirilib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Sözsüz ki, dövlətimiz tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Bu işdə yerli icra orqanları, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyəti də var gücü ilə çalışır.
Aztəminatlı ailələr və tənha ahıl şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti adından ərzaq yardımı da edilib.
Qeyd edək ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir.