Yazın gəlişi təbiətdə yeni gözəlliklər yaradır, heyvanlar aləmi, bitki örtüyü canlanır, təbiətin özünübərpa prosesi  daha çox qabarır və bütün bunlar bizi əhatə edən mühitdə gözlə görünən müsbət dəyişikliklərlə müşayiət olunur. 

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova  jurnalistlərə  bildirib ki, təbiətin keşiyində duran mühafizə işçiləri yazın gəlişi ilə təbiətdəki canlanmanı, xüsusilə kənar təsirlərin azalması səbəbindən vəhşi heyvanların öz areallarında  sərbəstliyinin açıq şəkildə hiss olunmasını müşahidə edirlər.  

 "Göygöl Milli Parkında ardıcıl şəkildə ayı balalarının, Hirkan Milli Parkının Xanbulan gölü ətrafında indiyədək rast gəlinməyən  Bəbir ləpirinin, Şahdağ Milli Parkında Nəcib maralın, cüyürün tez-tez​ görünməsi​ heç də təsadüfi deyil.​ 

Şirvan Milli Parkında ürkəkliyi ilə seçilən ceyranların,​ ölkəmizə  introduksiya olunaraq Şahdağ Milli Parkının İsmayıllı bölməsində təbiətə köçürülən Avropa zubrlarının aktivliyi də​ gözdən yayınmır.​"

Mütəxəssisin fikrincə,  yazın gəlişi, canlı aləmin oyanışı ilə bağlı olan aktivlik, həm də antropogen təsirlərin azalması səbəbindən daha da sürətlənib, vəhşi təbiətin sakinləri olan heyvanat aləminə xeyli rahatlıq gətirib, onların  sərbəstliyinə, bitki örtüyünün inkişafına və ümumən təbii bərpa proseslərinə şərait yaranıb.