Yeni növ koronavirus (COVID-19) epidemiyasından ən çox təsirlənən Latın Amerikası ölkələrindən olan Braziliyada ölənlərin dəfn edilməsi üçün kütləvi məzarlar qazılmağa başlayıb.

Unikal.org Braziliya mətbuatında yer alan xəbərlərə istinadən məlumat verir ki,  ölkənin Amazonas əyalətinin paytaxtı Manaosda COVID-19 səbəbiylə həyatını itirənlər üçün kütləvi məzarların qazılması qərara alınıb.

Manaos Bələdiyyəsinin verdiyi açıqlamada, qəbirlər yan-yana dəfn edildiyi Taruma bölgəsindəki Nossa Senhora Aparecida qəbiristanlığında “xəndək”adlanan kütləvi məzarların qazılmağa başlandığı açıqlanıb.

Açıqlamada, ölənlərin sayının artması səbəbi ilə qərara alınan bu üsulun digər ölkələrdə istifadə edildiyi, cənazələrin şəxsiyyətinin qorunacağı və tabutların müəyyən məsafələrə basdırılacağı ifadə edilib.

Qəbiristanlıqdakı işçilər, açıqlanan məlumatların doğru olmadığını iddia edərək faktların sayının daha çox olduğunu bildirib.

Qeyd edək ki, Latın Amerikası ölkələrindən biri olan Braziliyada,  koronavirus 2 min 906 insanın ölümünə səbəb olub, 45 min 757-dən çox adam isə virus daşıyıcısıdır.