Şimali Koreya lideri Kim Çen In, ölkənin şərq sahilində yeni bir turizm bölgəsinin inşasında çalışan işçilərə təşəkkür etdiyini bildirib.

Unikal.org Cənubi Koreyanın Yonhap xəbər agentliyinin Şimali Koreyanın Rodong Sinmun qəzetinə dair xəbərinə istinadən məlumat verir ki, Kim şərq sahilindəki Vonsan-Kalma turizm bölgəsinin inşasında çalışanlara təşəkkürünü bildirib.

Cənubi Koreyanın Birləşmə naziri Kim Yeon-chul, paytaxt Seulda keçirilən bir forumda, aldıqları kəşfiyyata görə Şimali Koreya ilə bağlı “qeyri-adi” bir vəziyyət olmadığını söyləyib.

Cənubi Koreyanın prezidenti Moon Jae-in xarici siyasət üzrə böyük məsləhətçisi Moon Chung-in mətbuata verdiyi açıqlamada “Hökümətimizin mövqeyi sabitdir. Kim Çen In sağdır. İndiyə qədər heç bir şübhəli fəaliyyət aşkarlanmayıb” deyə bildirib. 

Qeyd edək ki, son həftələrdə Şimali Koreyanın lideri Kimin sağlamlığının yerində olmadığı və ya öldüyü barədə şayiələr yayılıb.

İddia olunurdu ki, bir qrup çinli həkim Kimin vəziyyəti ilə bağlı tövsiyə vermək üçün bu ölkəyə gedib və Şimali Koreya liderinin aprelin 12-də ürək-damar əməliyyatı keçirməsi və sağalma prosesində olduğu barədə məlumatlar paylaşılıb.

Hong Kong Peyk Televiziyası Kimin öldüyünü açıqlasa da, lakin bu xəbər heç bir məmur tərəfindən təsdiqini tapmayıb.

Belə ki, Şimali Koreyanın qurucu lideri olan babası Kim İl-sungun 15 apreldə doğum gününü qeyd etməsi də daxil olmaqla, böyük hadisələrdən kənarda qalması sağlamlığı ilə bağlı fərziyyələrə səbəb olub.