Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir. Bu dövürdə gizli toy mərasimlərinin keçirilməsi və yaxud sadəcə nikah bağlamaqla yeni ailələlər qurulmasını görürük.
Unikal.org xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Dünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələrin mütəxəssisləri də qeyd edib ki, koronavirus pandemiyası hələ bir müddət davam edəcək:
"Biz artıq epdemiya şəraitində yaşamağa öyrəşməliyik və həyat tərzimizi ona uyğun qurmalıyıq. Ona görə də biz 400-500 nəfərlik toylardan artıq imtina etməliyik. Təbii ki, toy insanların bir arzusudur və bunu uzun müddət təxirə salmaq olmaz. Ancaq əvvəlki təmtəraqlı toyların keçirilməsi indiki vəziyyətdə mümkün deyil. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərərgah bu şəraitə uyğun təlimatlar hazırlaya, normalar müəyyən edə bilər.
Misal üçün, toyda iştirak edəcək insanların sayı, buna uyğun yemək sifarişi və toyun davam etmə müddəti müəyyən edilməlidir. Çünki virus qapalı məkanda müəyyən zaman daxilində yolxucu konsentrasiyanı toplaya bilir. Məsələn, toya 30 adam gəlibsə və onun biri virus daşıyıcısıdırsa, həmin şəxs asqırdığı və ya öskürdüyü zaman dərhal yanındakı insanı yoluxdura bilər, Hətta asqırıb-öskürmədiyi halda belə tənəffüs vasitəsilə 50 dəqiqə ərzində ətrafındakı insanları yoluxdura bilər. Ona görə də toylar üçün müəyyən bir vaxt qoyulmalıdır və məclisə az sayda insan cəlb olunmalıdır, sosial məsafə gözlənilməlidir".
Toyların maska ilə keçirilməsini təsəvvür edə bilmirəm. Bu qədər çağırışlara və cərimələrə baxmayaraq, insanlar küçələrdə və marketlərdə maska taxmırlar, o ki qaldı toya maska ilə gedəcəklər. Bu, bir az real deyil. Ancaq insan sayını azaltmaq, ən azı girişdə insanların hərarətinin ölçülməsi, burun-boğazda axıntı və ağrıların olmasını müəyyənləşdirmək də vacibdir. Bir də toyda iştirak edənlərin siyahısı olmalıdır və onlar da toydan sonra bir neçə gün ərzində nəzarətdə saxlanılmalıdır".
Komitə sədri hesab edir ki, digər bir metod toyların ayaqüstdə keçirilməsidir: "Yəni vacib deyil ki, insanlar gəlib saatlarla oturub musiqi dinləsinlər. Tutaq ki, 15-20 nəfər testdən keçmiş ailə üzvləri və yaxın qohumlar toyda iştirak edir, qalan insanlar isə qısa müddətə gəlib bəylə gəlini təbrik edib və öz hədiyələrini verib gedir. Bu və ya digər şəkildə toyları keçirmək olar".