Cənab Prezident İlham Əliyev Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılmışdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Unikal.org-a bildirib ki, Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib.
Birinci, “Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə” dövlət proqramıdır. İkincisi isə “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” dövlət proqramıdır.
Bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcəkdir.
Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olunmaq hədəflənməkdədir.